Xəbəri Kokpitdə Oxuyun!

L.Norris: Maksın yerində olmaq istərdim

McLaren komandasının sürücüsü Lando Norris bildirib ki, çempionluq uğrunda mübarizədə Maks Ferstappenin yerində olmaq istəyir. 

Kokpit.az xatırladır ki, Maks Ferstappen hazırda Sürücülər Çempionatında ikinci yerdəki Lando Norrisdən 62 xal öndədir. Lakin niderlandlı sürücü son 6 yarışda qalib gələ bilməyib və sadəcə 2 dəfə podiuma yüksələ bilib. Buna görə də Norris fərqi stabil formada azaldır. Mövsümün bitməsinə 8 yarış qaldığını nəzərə alsaq, britaniyalı sürücünün çempionluq şansları hələ də davam edir. 

Lando Norris: “Maks istədiyini deyə bilər. Hələ 60 xal fərqlə öndədir. Sona səkkiz yarış qaldığını nəzərə alsaq, bunu bağlamaq asan deyil. Hər yarışı qazansam belə, işim çox çətindir. O hələ də daha yaxşı vəziyyətdədir və mən onun yerində olmaq istərdim.

Red Bull nəyin səhv getdiyini və hansı yerdə problem yaşadığını anlayanda çox güclü formada qayıda bilərlər”.

Maks Ferstappen Montsada 6-cı yeri tutduqdan sonra Maks Ferstappen bildirmişdi ki, Red Bull RB20-ni sürmək çox çətindir. Ancaq Norris düşünür ki, niderlandlı rəqibi çox sürətlidir və panikaya düşməməlidir: “Mak pis yarışdan sonra belə hiss edə bilər. Hər yarışda çox geri qalmırlar. İtaliya böyük ehtimalla ən pis yarışları idi, amma Maks davamlı olaraq poulları və qələbələri çox az fərqlə qaçırdı. Məncə, bunu demə səbəbi özünü sakitləşdirmək və daha yaxşı hiss etməkdir”.

Maks Ferstappen balans problemləri yaşamasına baxmayaraq Zandfortdakı yarışda Lando Norrisdən sonra ikinci yeri tuta bilmişdi. Cümə günü Bakıdakı birinci sərbəst yürüşlərdə Maks Ferstappen zirvədə yer almışdı. İkinci sərbəst yürüşlərdə isə Serxio Peres çox cüzi fərqlə ikinci yeri tutmuşdu.

Bu arada Lando Norris cümə sərbəst yürüşlərindən sonra bildirmişdi ki, McLaren-in görüləsi çox işi var: “Düzünü desəm, Mercedes, Ferrari və Red Bull-la müqayisədə çox iş görməliyik”.

McLaren-in Bakıdakı sıralanma turunda vəziyyəti tərsinə çevirməsi gözlənilir. Lando Norris düz deyir: Maks Ferstappen hələ də çempionluq uğrunda mübarizədə yaxşı yerdədir və üçqat Dünya Çempionunun liderliyi itirməsi üçün McLaren komandası hər həftəsonu mükəmməl işləməlidir.

Rauf Hacıyev

Şərh əlavə et