Xəbəri Kokpitdə Oxuyun!

C.Rassell: Bolidə inamım azdır

Mercedes komandasının sürücüsü Corc Rassell bildirib ki, Azərbaycan Qran Prisində ən yaxşı cümə günlərindən birini keçirməyib və komanda yoldaşı Lyuis Həmiltonla fərqi bağlamalıdır.

Kokpit.az xatırladır ki, britaniyalı sürücü Bakıdakı birinci sərbəst yürüşlərdə lider Ferstappendən demək olar 1 saniyə geridə qalaraq 9-cu olub. İkinci sərbəst yürüşlər də Corc üçün ideal keçməyib. O bu dəfə Şarl Leklerdən 1 saniyə geridə qalaraq 9-cu yeri tutub.

Cümə günü keçirilən iki sərbəst yürüşdə Lyuis Həmilton müvafiq olaraq 2-ci və 3-cü yerləri tutub və daha rəqabətədavamlı görünüb.

Corc Rassell cümə günü birinci sərbəst yürüşlərdə yaşadığı problemlərə görə motor dəyişikliyinə ehtiyac duyub. Ancaq problemlər yenə də davam edib.

Birinci sərbəst yürüşlərdən sonra Mercedes Rassellin motoru üzərində etdiyi yağ təhlilində anormallıq tapıb. Buna görə də ikinci sərbəst yürüşlərdə fərqli motordan istifadə ediblər. Corc bu dəyişikliyə görə ikinci sərbəst yürüşlərə gec başlayıb.

Corc Rassell: “Nə olduğundan əmin deyiləm. Sadəcə motoru dəyişdirməyimiz lazım idi. Buna görə də birinci sərbəst yürüşlərdən sonra problem yaşadıq.

Ən yaxşı cümə günümüzü keçirmədik, amma Lyuis çox sürətli görünür. Buna görə də maşının tempinin olduğunu bilirik. Bundan başqa Ferrari burada doğrudan da çox güclü görünür. Bakıda həmişə sürətlidirlər.

Birinci sərbəst yürüşlərdə problem motorda idi. Daha sonra sensor problemi yarandı. Buna görə pitə girdik, çünki su sızıntısı olduğunu düşünürdük, amma yox idi. Özümü yaxşı hiss etsəm də, mükəmməl deyildi.

Çətinlik çəkirdim. Lyuisə nisbətən tempim aşağı idi. Bolidə olan inamım isə pis idi. Buna görə də şənbə günü performansımı bir az da yaxşılaşdırmağa və aradakı fərqi bağlamağa çalışacağam”.

Rauf Hacıyev

Şərh əlavə et