Bəhs etdiyimiz tilsim də odur ki, burada geridə qalan 7 yarışda 4 dəfə Red Bull, 3 dəfə isə Mercedes qalib gəlib. Bu il hər iki komandanın bu uğuru təkrarlayacağı qeyri-mümkün olmasa da, olduqca çətin görünür.
Çempionatda vəziyyət gərginləşir. Böyük xal fərqinə sahib Maks Ferstappenin titul əldə edəcəyi də artıq şübhə altındadır. Və bu vəziyyət Bakıdakı yarışın əhəmiyyətini olduqca artırır. Bütün avtoidman dünyanın diqqəti hazırda Bakıdadır. Bəs görəsən bu həftəsonu hansı nəticələri görəcəyik? Red Bull və ya Mercedes-dən başqa bir komanda burada qələbəyə sevinə biləcək? Kokpit.az olaraq bir qədər analizlər aparmağa çalışdıq.
Red Bull
Yuxarıda da qeyd etdiyimiz kimi, komandada vəziyyət heç yaxşı deyil. Mövsüm Kristian Hornerin ətrafında cərəyan edən hadisələrlə başladı, daha sonra bu komandadaxili çaxnaşmalara gətirib çıxardı. Horner – Marko cəbhəsi arasında demək olar ki, hamı qaldı, o cümlədən pilotlar və onların yaxın ətrafları. Bütün bunlar mövsümün əvvəlində tras üzərindəki vəziyyətə təsir etmirdi. Lakin sonradan FIA-nın aldığı bəzi qərarlar lider komandalardakı vəziyyətin altını-üstünə çevirdi.
Görünən odur ki, altda qalan elə Red Bull olub. Komanda son 6 yarış da qələbəyə həsrət qalıb. Yarışların çoxdunda tempdə nəinki McLaren-ə, hətta bəzən Mercedes və Ferrari-yə də uduzurlar. İtaliyadakı son yarışda isə dördüncü komanda təsiri bağışlayıblar. Komanda təcili bir addım atmazsa, hər iki cəbhədə tituldan ola bilər. Böyük yeniliklərin isə Ostindəki yarışa gətiriləcəyi gözlənilir. Bütün bunlara görə də, onların Bakıda uğur qazanacağı çox da inandırıcı deyil və bu əgər baş verərsə, xaotik yarış və ya rəqiblərin ciddi səhvlərindən ola bilər.
McLaren
Uzun illər istədiyi nəticələri əldə edə bilməyən “narıncılar” keçən il öz iddialarını ortaya qoyaraq mövsümün gedişində əla inkişaf tempinə sahib olmuşdular. Lakin bu mövsümün əvvəlində Red Bull-un aşkar üstünlüyü rəqabət gözləyən hər kəsin ümidlərinin üstündən xətt çəkdi. Lakin hazırda Red Bull rolunda olan məhz onlardır. Komanda maşının tempində hamını xeyli fərqlə üstələyir.
Lakin komandada pilotlardan tutmuş, bir çox cəhətdən təcrübəsizliklər sezilir ki, bu da onlara cari mövsümdə mane olan ən böyük amildir. Üstünlüklərinin başladığı son 11 yarışda cəmi 3 dəfə qələbəyə seviniblər. Eyni üstünlük Red Bull-da olduqda, nələrin baş verdiyini görmüşük. Bakı trası ən xırda səhvi və ya səhv qərarı bağışlamayan trasdır. McLaren burada maşının gücünə görə qələbə dublu etmək iqtidarındadır, lakin digər faktorlar onlara mane ola bilər.
Ferrari
Scuderia da uğur qazandığı illəri unutmaq üzrədir, çünki üzərindən çox vaxt keçib. Lakin bu il çempionatda güc nisbətlərinin dəyişməsi fonunda öz yerlərini saxlayıblar. Komanda adətən yarışdan yarışa peletonda 2-4-cü komandalardan biri olur. Bu Avstraliya, Monako və İtaliyada kritik qələbələr gəlib. Montsadakı son qələbə isə McLaren-in səhv strategiyası fonunda seçilmiş düzgün planla əldə edilib.
Eyni hal Bakıda da baş verə bilər. Maşının tempi pis deyil – azından Red Bull və Mercedes ilə mübarizəyə imkan verir. Bakıda da McLaren komandasında qaydasında getməyən işlər olsa, biz Ferrari-nin buradakı ilk qələbəsinin şahidi ola bilərik. Leklerin son yarışlarda tempi yaxşıdır və son 3 mübarizəni podiumda başa vurub. Sayns isə komandadakı son ilində əlindən gələnin ən yaxşısını etməyə çalışır…
Mercedes
“Gümüş oxlar” bir neçə illik fasilədən sonra bu il 3 qələbə limitinə çata biliblər. Bu, ardıcıl 4 yarışın 3-də baş verib – Rassell Avstriyada komandanın qələbə hesabını açıb, Həmilton isə Britaniya və Belçikada öz qələbə orucunu pozub. Lakin son 2 yarışda komanda xeyli geridə qalıb.
Bakı Mercedes-in sevdiyi trasdır. Burada qalib gələ bilən 2 komandadan biridirlər və geridə qalan 7 yarışın 3-də podiumun zirvəsinə çıxıblar. Bu il belə şans az görünür, son iki yarışa baxsaq, top komandalardan ən azı 4 sürücünü üstələməlidirlər ki, buna nail ola bilsinlər. Yox, əgər templəri düzəlibsə, şansları daha çox olacaq.
Şərh əlavə et