Kokpit.az xatırladır ki, britaniyalı sürücü bu il Ciddə Qran Prisində iştirak etsə də, orada üçüncü sərbəst yürüşlərdən etibarən mübarizəyə qoşulmuşdu. Səudiyyə Ərəbistanında xəstələnmiş Karlos Saynsı əvəz edən gənc sürücü əsas yarışda 7-ci olaraq, karyerasının ilk Formula 1 yarışından 6 xalla ayrılmışdı.
Gələn il Haas ilə Formula 1-dəki ilk tam mövsümünə hazırlaşan Berman Azərbaycan Qran Prisində Formula 1 karyerasının ilk tam həftəsonuna çıxacaq. Gənc sürücü İtaliya yarışında 12-ci cəza balını alan və buna görə biryarışlıq diskvalifikasiya olunan Kevin Maqnusseni əvəz edəcək.
19 yaşlı sürücü daha əvvəl Haas VF-24 ilə sərbəst yürüşlərdə sürüb. Amma yarış həftəsonunun atmosferi başqadır.
Oliver Berman bildirib ki, Bakı Şəhər Halqası onun üçün favorit traslardan biridir və burada yaxşı nəticə qazanmaq üçün əlindən gələni edəcək: “İlk tam həftəsonumda yarışmaq üçün çox səbirsizlənirəm. Komanda ilə sərbəst yürüşlərdə iştirak etmişəm, amma indi bu komanda ilə ilk tam həftəsonuna çıxmaq bizim üçün doğrudan da həyəcanverici bir fürsətdir.
Keçən il Bakıda çox uğurlu olmuşdum və doğrudan da ən çox sevdiyim traslardan biridir. Buna görə də həftəsonunun çox tez gəlməsini istəyirəm. Simulyatorda bir az vaxt keçirdim. Çox çətin trasdır və şəhər tipli tras olduğu üçün bariyerlər də çox yaxındır.
Xüsusən də məşhur qala hissəsi kimi yerlər çox dardır. Bunun üzərində işləməliyik. Tempimizi yavaşca və nəzarətdə saxlayaraq qaldırmalıyıq.
Bu bolidlə çoxlu dövrə vurduğum üçün çox sevincliyəm, çünki bu mənim üçün ilk tam həftəsonu olacaq və bu təcrübəni daha əvvəl heç yaşamamışam”.
Qeyd edək ki, Oliver Berman keçən il Formula 2-də hər iki Azərbaycan yarışında qalib gəlmişdi.
Şərh əlavə et