Xəbəri Kokpitdə Oxuyun!

K.Horner: Bolidin ön və arxa tərəfi uyğunsuzdur

Red Bull komandasının rəhbəri Kristian Horner bildirib ki, yenidən güclənmələri üçün boliddə bəzi şeyləri bəsitləşdirməlidirlər.

Kokpit.az xatırladır ki, Red Bull komandası keçən il 22 yarışdan 21-i qazandıqdan sonra builki mövsümə də yaxşı başlamış və 5 yarışdan 4-də qalib gəlmişdi. Lakin bundan sonrakı 10 yarış “qırmızı öküzlər” üçün kabusa çevrilib və onlar bu müddətdə sadəcə 3 dəfə yarış qazana biliblər. Son 6 yarışda isə Red Bull qələbəsiz qalıb və sadəcə iki yarışda podiuma yüksələ bilib.

Kristian Horner bildirib ki, bolidin ön tərəfi ilə arxa tərəfində uyğunsuzluq var və bolidi balanslamaq getdikcə çətinləşir.

Bundan başqa aerodinamik boru ilə tras üzərindəki performans arasında kolerasiya əskikliyi var və buna görə də bolidi təkmilləşdirmək çətin olur.

Kristian Horner: “Boliddə bir balans problemi var və bu da pilotlarımızı döngə girişlərində çətin vəziyyətdə qoyur.

Bolidin ön tərəfi ilə arxa tərəfi bir-birinə uyğun deyil. Buna görə də döngə girişlərində öndən sürüşmələr meydana gəlir və təkər yeyilməsi artır.

McLaren-in bolidi demək olar ki, keçənilki bolidin inkişaf etmiş versiyasıdır. Bizim boliddən daha bəsit bir boliddir. Amma biz RB20-ni çox qarışıq hala gətirdik və eynilə onlar kimi bəzi şeyləri bəsitləşdirməliyik”.

Rauf Hacıyev

Şərh əlavə et