Xəbəri Kokpitdə Oxuyun!

H.Marko suallara cavab verməyib

Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko sürücüsü Maks Ferstappenin gələcəyi barədə danışmaqdan boyun qaçırıb.

Kokpit.az xatırladır ki, Red Bull komandası mövsümə əla başlamış və Maks Ferstappenlə ilk 5 yarışda 4 qələbə qazanmışdı. Lakin son 10 yarış Red Bull üçün elə də yaxşı keçməyib. Onlar bu müddət ərzində 3 yarış qazana biliblər. Son 6 yarış isə “qırmızı öküzlər” üçün lap faciəvi olub. Onlar son 6 yarışda sadəcə 2 dəfə podiuma çıxıblar.

Montsada isə Red Bull komandası ən sürətli 4-cü komanda təəssüratı yaradıb. Maks Ferstappen 6-cı olaraq, builki ən pis nəticəsini göstərib.

Belə olan halda əksəriyyət Maks Ferstappenin 2026-cı ildə Red Bull-da qalmayacağını və böyük ehtimalla Mercedes-ə keçəcəyini iddia edir.

Bu iddialar Helmut Markonun xoşuna gəlməyib. O, jurnalistlərə bu açıqlamanı verib: “2026-cı il üçün nəsə deyə bilmərəm, amma o, gələn il Red Bull komandası üçün yarışacaq”.

Qeyd edək ki, Maks Ferstappenin Red Bull komandası ilə 2028-ci ilə qədər müqaviləsi var. Buna baxmayaraq il başlayandan onun Mercedes-ə keçəcəyi ilə bağlı şayiələr gəzir.

Mercedes komandasının rəhbəri Toto Volff da tez-tez Maks Ferstappenə heyran olduğunu deyir.

Belə görünür ki, Red Bull komandasının trasdakı performansı yaxşılaşana qədər Maks Ferstappen haqqındakı söz-söhbətlər də sona çatmayacaq.

Rauf Hacıyev

Şərh əlavə et