Kokpit.az xatırladır ki, Red Bull 2019-cu ildə Renault mtorlarından imtina edərək Honda motorlarına keçmişdi.
O dövrlər turbo hibrid motorlara keçdikdən sonra Mercedes ardıcıl titullar qazanmış və digər motor istehsalçıları çox pis vəziyyətdə qalmışdılar. Red Bull-u motorla təchiz edən Renault isə ən zəif istehsalçılardan biri idi. Turbo eranın başladığı 2014-cü ildə Red Bull Daniel Rikkardo ilə 3 yarış qazanıb, çempionatı ikinci yerdə bitirsə də, Red Bull-la Renault arasında münasibətlər artıq pisləşmişdi.
Buna baxmayaraq, tərəflər 2016-cı ildə yeni müqavilə bağlamış və “qırmızı öküzlər” 2016-2018-ci illərdə Tag Heuer brendli Renault motorlarından istifadə etmişdi.
Lakin bu müqavilədən əvvəl Helmut Marko 2014-cü ildə Mercedes-lə anlaşsa da, daha sonra tərəflər razılaşa bilməmişdilər.
Helmut Marko bu barədə belə danışıb: “2014-cü ildə yeni motor reqlamenti başlayanda Renault heyif ki, istədiyimiz kimi rəqabətədavamlı motor istehsal edə bilmədi. Mercedes çox güclü idi və Mateşiç də vəziyyətdən narazı idi. O vaxtı mən dedim ki, artıq insanlara bizim motorumuzla motivasiya verə bilmərik, çünki hamı bilir ki, biz bu motorla qalib gələ bilyəcəyik.
Buna görə də Mercedes ilə anlaşdıq və Niki Lauda ilə bir-birimizin əlini sıxdıq. Lakin Toto Volff bu qərarı dəstəkləmədi. Buna görə də bu tərəfdaşlıq reallaşmadı”.
Belə olan halda Red Bull komandasının idmandakı gələcəyi təhlükəyə girmişdi, çünki komanda güc qurğusuz qala bilərdi. Lakin “qırmızı öküzlər” sonradan Honda-ya yönəldilər.
Yapon istehsalçı 2015-ci ildə idmana qayıtmışdı və 2015-2017-ci illərdə McLaren ilə üç çətin mövsüm keçirmişdilər. Lakin Honda 2019-cu ildə Red Bull ilə güclərini birləşdirməmişdən əvvəl 2018-ci ildə Toro Rosso ilə tərəfdaşlığa başlamışdılar.
Lakin McLaren komandasından fərqli olaraq Red Bull Honda ilə daha yaxşı tərəfdaşlıq qurmuş və 2021-2023-cü illərdə Sürücülər, 2022-2023-cü illərdə isə Mühəndislər Kubokunu qazanmışdılar. Üstəlik 2023-cü ildəki maşın Formula 1 tarixinin ən hegemon maşınlarından biri idi.
Helmut Marko: “Sonra Honda ilə danışıqlar apardıq. Honda o vaxt McLaren ilə mübarizəyə girişə bilmirdi, amma planları barədə məlumatlı idim. Buna görə də onlarla anlaşaraq risk aldıq. Bunun risk olduğuna inanmırdım, çünki çox pul xərclədiklərini bilirdim. Bu işdə çox ciddi idilər.
Sonra motoru dəyişdirdik. Fernando Alonsonun 2015-ci il Yaponiya Qran Prisində Honda motoru barədə dediyi kimi F2 tərzli gücü olan bir motor idi. Elə ona bənzəyirdi. Biz cəsarətli qərar verdik. Həmişə cəsur qərarlar almışıq. Bir az risk olmasa, əyləncə də olmaz”.
Şərh əlavə et