Xəbəri Kokpitdə Oxuyun!

K.Rəykkönen: F1-də rəqabət artıb

Sabiq Formula 1 sürücüsü Kimi Rəykkönen ailəsi ilə birlikdə İtaliya Qran Prisinə gəlib və o, çempionat barədə fikirlərini bölüşüb.

Kokpit.az bildirir ki, keçən il Red Bull komandası 22 yarışdan 21-də qalib gəlmişdi. Maks Ferstappen isə 19 qələbə qazanaraq rekorda imza atmışdı.

Red Bull bu mövsümə də yaxşı başlayıb və ilk 5 yarışdan 4-də qələbə qazansa da, növbəti 10 yarışda işlər onlar üçün yaxşı getməyib. Hazırda çempionatda 7 fərqli sürücü və 4 fərqli komanda yarış qazanıb.

Mühəndislər Kubokunda Red Bull-la McLaren arasında 8 xal fərq var. Sürücülər Çempionatında isə Lando Norris lider Maks Ferstappendən 62 xal geri qalır.

Kimi Rəykkönen 2021-ci ilin sonunda Formula 1 karyerasını bitirsə də, hələ də Formula 1-in ən populyar simalarından biridir. Rəykkönen keçən həftəsonu İtaliya Qran Prisində köhnə dostları və fanatları ilə görüşüb.

Həyat yoldaşı Minttu və uşaqları Robin, Rianna və Qreys ilə Montsaya gələn Kimi Rəykkönen jurnalistlərə də müsahibı verib və bildirib ki, oğlu kartinqdə yaxşı nəticələr göstərir: “Buranı ziyarət etmək gözəl idi. Əksər köhnə dostlarımla bir araya gəldik. Uşaqlar da burada olmaq istəyirdi. Çox əyləndik. Əksər köhnə dostlarımızı gördük. Təbii ki, komandalarda çoxlu yeni sima var. Hər şeyin belə dəyişməsi çox təəccüblüdür.

Robin kartinqdə yarışmaqdan çox həzz alır. Hər şey gözəl gedir. Gələcəkdə nələrin olacağını bilmirik, amma əsas odur ki, o, çox əylənir”.

Kimi Rəykkönen Formula 1-dəki mübarizədən də danışıb: “Belə görünür ki, yarışlar artıq daha rəqabətlidir. Bu da Formula 1 fanatları üçün əla xəbərdir”.

Rauf Hacıyev

Şərh əlavə et