Kokpit.az xatırladır ki, Ədrian Nyui gələn ilin ilk rübündə Red Bull ilə yollarını tamamilə ayıracaq. Britaniyalı mühəndia böyük ehtimalla Aston Martin komandasına keçəcək.
Ədrian Nyuinin Red Bull-dakı və xüsusilə yeni nəsil maşınlardakı uğurlarını nəzərə alsaq, o, meneceri Eddi Cordanla birlikdə özünün adına və etibarına layiq komanda axtarırdı. Ədrianın Red Bull-dan ayrılacağı dəqiqləşdikdən sonra onun Ferrari-yə transferi gündəmə düşmüşdü və o dövrlər italyanlar doğrudan da onunla maraqlanırdı. Hətta Ferrari komandasının rəhbəri Frederik Vassyör bu transfer üçün lazımi məbləği belə ayırıbmış.
Plan isə belə idi: Nyui komandaya məsləhətçi kimi gələcək və İtaliyaya köçməyəcək. Elə İngiltərədə oturub işləyəcəkdi. Bu, Con Barnardın Ferrari-də texniki direktor olduğu dövrləri xatırladacaqdı. Con da Maranelloya köçməmiş və Quldfordda bir ofis tutaraq, işlərini buradan irarə etmişdi.
Lakin Aston Martin komandası çətin keçən 2024-cü ildən sonra komandanın inkişafını sürətləndirmək üçün Nyuiyə cəzbedici təklif göndərib. Bundan başqa “yaşıllar” Nyui ilə arası yaxşı olmayan Martin Vitmarşla da yollarını ayırıblar və onun əvəzinə Mercedes-in sabiq baş motorçusu Əndi Kovell gətirilib. Bundan başqa Britaniya komandası Ferrari-dən Enriko Kardileni də heyətinə qatıb.
Artıq demək olar ki, hər şey hazırdır. Aston Martin-in rəhbəri Lorens Stroll şəxsən özü Nyuini razı salıb və gələn həftə bu transferin açıqlanması gözlənilir. Deyilənə görə Aston Martin komandası Nyuiyə 4 il üçün 100 milyon dollarlıq təklif verib.
Ferrari isə 100 milyon və üstəlik bonuslarla daha da çoxalacaq məvacibi verməkdənsə, Ədrian Nyui transferindən imtina edib. Bunun səbəbi isə italyan komandasının Aston Martin-lə auksiona girmək istəməməsi olub. Bunun yerinə Ferrari komandanın texniki quruluşunu düzəldib və Mercedes-dən Ferrari-yə gəlmiş Loik Serra komandanın yeni texniki direktoru olub.
Şərh əlavə et