Kokpit.az bildirir ki, italyan sürücü keçən bazar günü Formula 3 üzrə İtaliya Qran Prisində çempionluğunu elan etmişdi. 19 yaşlı sürücü bazar günü keçirilən yarışda üçüncü yer uğrunda mübarizədə Kristian Mənseli son döngədə keçmiş və daha sonra Qabriel Minini qabaqlayaraq, Formula 3-də çempion olmuş ilk italyan pilot olmuşdu.
Mini isə yarışı ikinci yerdə bitirsə də, minimum təkər təzyiqi ilə bağlı qaydaları pozduğu üçün yarışdan diskvalifikasiya olunmuş və Fornaroli 23 xal fərqlə titulu əldə etmişdi.
Bundan başqa Fornaroli mövsüm ərzində qələbə qazanmasa belə, stabil formada 7 dəfə podiuma çıxaraq çempionluğu qazanıb. Bu da o deməkdir ki, 19 yaşlı pilot qələbə qazanmadan çempion olan ilk sürücüdür.
Fornaroli İnvicta komandasına keçməklə 2022-ci il Formula Regional Avropada və 2023-2024-cü illərdə Formula 3-də çıxış etdiyi Trident komandası ilə yollarını ayırıb.
İnvicta komandası hazırda Formula 2-də Formula 3 üzrə Dünya Çempionu Qabriel Bortoleto və Kuş Maini ilə mübarizə aparır və hazırda Mühəndislər Kubokunda birinci yerdədir.
Leonardo Fernaroli: “Formula 3 çempionluğumu bu xəbərlə qeyd etdiyim üçün sevincliyəm və növbəti mövsümdə Formula 2-yə keçmək üçün səbirsizlənirəm. İnvicta Racing bu mövsüm də daxil olmaqla Formula 2-də həmişə uğurlu komanda olub. 2025-ci ildə onlarla işləyəcəyim üçün çox həyəcanlıyam. Bundan başqa Tridentlə keçirdiyim 3 ilə görə onlara təşəkkür etmək istəyirəm. Onlar F3-dəki ən yaxşı komandadırlar. F3-dəki ən yaxşı komandadan F2-dəki ən yaxşı komandaya keçmək əsl yuxu kimidir”.
Stabillik Fornarolinin uğurunun açarı olsa da, o, 2021-ci ildə Avropa Regional F4 və İtaliya F4 çempionatlarında bir qələbə qazanıb. Buna görə də F2-də də ondan qələbələr gözləniləcək. Fornaroli 2025-ci ildə Formula 2-də debüt etməmişdən əvvəl yeni komandası ilə Əbu Dabidə mövsümsonrası testlərinə qatılacaq.
İnvicta komandasının Rəhbəri Əndi Roçe bunları deyib: “Leonardonu 2025-ci ildə komandamıza gətirdiyimiz üçün sevincliyik. Formula 3-də çempion olmaq onun üçün böyük uğurdur. Əminəm ki, gələn il də yaxşı çıxış edəcək. Leonardonun təkoturacaqlı yarışlardakı karyerasını uzun müddətdir ki, izləyirik və o, böyük istedaddır.
Bu il Qabrieldə etdiyimizi təkrarladıq. Ardıcıl ikinci mövsümdür ki, Formula 3-ün çempionunu komandamıza qatırıq və buna görə həyəcanlıyıq”.
Qeyd edək ki, Bortoleto Formula 2üzrə İtaliya yarışına sonuncu yerdən başlasa da, yarışı qazanıb və çempionatın lideri Aysek Həcərlə fərqi 10.5-ə endirib.
Şərh əlavə et