Xəbəri Kokpitdə Oxuyun!

Nyuinin transferi Azərbaycanda açıqlanacaq?

Formula 1-in əfsanəvi mühəndisi Ədrian Nyuinin Aston Martin komandasına transferi Azərbaycan Qran Prisində açıqlana bilər. 

Kokpit.az xatırladır ki, Ədrian Nyui gələn ilin ilk rübündə Red Bull komandasından arılacaq. Onun hansı komandaya transfer olacağı ilə bağlı söz-söhbətlər çox idi. Əsas namizədlər isə Ferrari, Aston Martin, Williams komandaları idi. Lakin sonradan Aston Martin bu transferdə bir neçə addım önə getdi və Ədrian “yaşılların”ın bazasına gedərək, oradakı işin gedişatı ilə tanış olmuşdu. 

İndi isə əfsanəvi mühəndisin Azərbaycan Qran Prisində Aston Martin-ə keçidinin rəsmiləşəcəyi ilə bağlı söz-söhbətlər yayılıb.

Aston Martin komandasının sahibi Lourens Stroll komanda üçün son texnologiya baza yaratmaq istəyir və bunun üçün külli miqdarda pul xərcləyib. Komandanın uzun müddətli hədəflərini reallaşdırmaq üçün tezliklə yeni aerodinamik boru istifadəyə veriləcək.

Aston Martin bu barədə açıqlama verməyib. Red Bull isə Ədrian Nyuinin müqaviləsinə gələcəyini açıqlaması barədə maddə qoyub. Bu maddəyə görə Nyui gələcəyini sentyab ayından tez açıqlaya bilməzdi. Buna görə də aerodinamikanın atasının gələcəyi barədə açıqlamanı bu ay verməsi gözlənilirdi. Bu barədə Britaniya mətbuatı da bildirmiş və Ədrian Nyuinin bu açıqlamadan 6 ay sonra yeni iş yerində fəaliyyətə başlayacağını yazmışdı.

Aston Martin komandası  yay tətilindən əvvəl Mercedes komandasının sabiq motorçusu Əndi Koveli Martin Vitmarşın yerinə qrup rəhbəri kimi işə götürmüşdü. Əndi yeni işinə oktyabr ayında başlayacaq. Bundan başqa “yaşıllar” bolidin dizayn gücünü artırmaq üçün Ferrari komandasının sabiq texniki direktoru Enriko Kardile ilə də anlaşıb.

Komandada daha əvvəl Red Bull-da Ədrian Nyui ilə işləmiş Den Fellovs texniki direktorluq edir. Buna görə də bu qədər ulduzun olduğu bir komandada idarəetmənin quraşdırılması heç də asan olmayacaq.

Aston Martin komandasının rəhbəri Mayk Krak bu qədər güclü mühəndisi bir yerdə işlətməyin problem olmadığını demişdi: “Müasir dövrdə Formula 1 çox genişdir. Çox böyük dəyişikliklərə ehtiyac olmur. Deyəsən keçmişdə 7 texniki direktoru olan komanda var idi. Buna görə də bu məsələni həll etmək olar. Məncə, bu komandadan ən yaxşı faydanı almaq üçün hər şeyi düzgün qurmalı və əlinizdən gələni etməlisiniz”.

Ədrian Nyuinin keçmişdə Williams, McLaren və Red Bull komandaları ilə qazandığı çempionluqları nəzərə alsaq, onun Aston Martin komandasına transferi “yaşıllar” üçün uzun müddətdə uğurlu ola bilər. Lakin komandanın ikiqat Dünya Çempionu olan pilotu Fernando Alonso düşünür ki, Nyuinin təsirini görmək üçün bir qədər gözləmək lazımdır.

Fernando Alonso İtaliya Qran Prisi zamanı bunları deyib: “Hazırda bu sadəcə dedi-qodudur. Məncə, işləri həll etmək bir adamın işi deyil. Buna görə də hazırda sahib olduğumuz və istehsal etdiyimiz maşın çox önəmlidir. Hansı yöndə inkişaf etdiyimizi anlamaq və nəyin səhv getdiyini başa düşmək və növbəti mövsümə hazırlaşmaq lazımdır”.

 

Rauf Hacıyev

Şərh əlavə et