Kokpit.az xatırladır ki, McLaren komandası Zandfortda asanlıqla qalib gəldikdən sonra İtaliyadakı həftəsonuna da yaxşı başlayıb.
“Narıncılar” Montsadakı sıralanma turunda ilk cərgəni zəbt etsələr də, yarışda iki pit-stopluq strategiya seçərək, qələbəni əldən veriblər və yarışda ikinci, üçüncü yerləri tutublar.
Yarışdan sonra dəyərləndirmə edən Zek Braun bildirib ki, Red Bull komandası Ədrian Nyui, Rob Marşal və Conatam Vitli kimi əsas mühəndislərini itirdikdən sonra çətinliklər üzləşib: “Hər həftəsonu yarış qazanmaq üçün mübarizə aparacağıq, amma bizi çətin rəqabət gözləyir. Poulu hədəfləyəcəyik, amma işlər həmişə istədiyimiz kimi getmir”.
Zek Braun bundan başqa yarışda tək pit-stoplu strategiya seçərək qalib gələn Ferrari-yə də təriflər yağdırıb: “Ferrari-ni təbrik etmək lazımdır. Risk aldılar və bu strategiya yaxşı işlədi. Bunların hamısını təhlil edəcəyik”.
Yarışın startında Oskar Piastri birinci yer uğrunda mübarizədə komanda yoldaşı Lando Norrisi geridə qoyub.
Zek Braun bu barədə də fikirlərini bildirib: “Bəli, aqressiv ötmə idi. Amma Piastri təmiz iş gördü. Lando ilə hələ də danışmamışam, amma dördüncü döngədə edilən bu hücumun çox aqressiv olduğunu qəbul edirəm”.
Şərh əlavə et