Xəbəri Kokpitdə Oxuyun!

P.Qasli: Maqnussenə haqsızlıq edildi

Alpine komandasının sürücüsü Pyer Qasli bildirib ki, Kevin Maqnussenin bir yarışlıq diskvalifikasiya qərar ləğv olunmalıdır.

Kokpit.az xatırladır ki, İtaliya Qran Prisində Kevin Maqnussenlə Pyer Qasli arasında insident baş verib. Variante della Roggia-da iki sürücü yan-yana gəliblər və burada iki sürücü də döngəni ala bilməyiblər. Maqnussen bu təmasdan sonra 10 saniyə zaman cəzası alıb.

Bundan başqa danimarkalı sürücünün lisenziyasına 2 cərimə balı yazılıb və onun cərima balları 12-yə çatıb. Bu isə o deməkdir ki, Kevin Maqnussen növbədəki Azərbaycan Qran Prisini buraxmalı olacaq.

Yarışdan sonra Pyer Qasli bildirib ki, bu elə də ciddi insident olmayıb və Maqnussenin cəzasının ləğvi üçün stüardların yanına gedəcək: “Düzünü desəm, burada heç nə yox idi.

Biri mənə dedi ki, o, 10 saniyə zaman cəzası alıb. Buna təəccübləndim, çünki bu sadəcə təkər-təkərə mübarizə idi və sonda doğrudan da heç vaxt itirmədim.

Ümid edirəm ki, bu cəzanı geri ala bilərlər, əks halda bu, haqsızlıq olar. Maqnussen üçün stüardlarla sevə-sevə danışaram. Doğrudan da bunun üçün əlimdən gələni edəcəyəm”.

Formula 1-in ən qocaman sürücüsü Fernando Alonso da həmkarı Pyer Qaslinin fikirləri ilə razıdır: “Cəza balları əvvəl də dediyimiz kimi təhlükəli hallarda verilməlidir. Yəni burada idmana və digər sürücülərə təhlükə yaradan səbəblər olmalıdır.

Tam əmin deyiləm, amma deyəsən Maqnussenin əksər cəza balları pit yolunda sürət həddini keçdiyi üçün gəlib. Məncə, Qasli ilə yaşadığı da yarış insidenti idi. Yarış cəzalarını anlasam da, təhlükəsizlik cəzalarını heç anlamıram”.

Haas komandasının rəhbəri Ayao Komatsu isə Kevin Maqnussenin cəzası ilə bağlı bir söz deməyib. O bildirib ki, belə söhbətləri ictimaiyyətin önündə danışmaqdansa, stüardlarla müzakirə aparmaq daha yaxşıdır.

Rauf Hacıyev

Şərh əlavə et