Xəbəri Kokpitdə Oxuyun!

Ferrari-nin gec pit-stopu qələbə gətirdi?

İtaliya Qran Prisində Şarl Lekler ilk pit-stopa Lando Norrisdən 1 dövrə sonra girdiyi üçün komandasına hirslənmişdi. Lakin Ferrari-nin gecikəm bu həmləsi monakolu sürüxüyə qələbəni gətirən faktor ola bilər.

Kokpit.az xatırladır ki, Lando Norris yarışa pouldan başlasa da, birinci dövrədən sonra komanda yoldaşı Oskar Piastri və Şarl Leklerin gerisinə düşərək 3-cü olub. Lakin yarışın 15-ci dövrəsində britaniyalı sürücü Leklerdən bir dövrə pitə tez gələrək ikinci yerə yüksəlib.

Lakin monakolu sürücü komandasının bu gedişindən narazı idi. O, komandasının daha gec pit-stop qərarı verməsinə əsəbiləşmişdi və radiodan bunları dedi: “Bu nə idi belə? Geriyə düşəcəydiksə, niyə pitə girdik?”.

Komandanın rəhbəri Frederik Vassyör isə cavabında dedi ki, McLaren ilə oxşar strategiyada qalmaq istəyirlər, çünki onların artıq təkər üstünlükləri var.

Sonda Frederik Vassyör haqlı çıxdı və Ferrari sürücüləri rəqiblərindən fərqli olaraq tək pit-stoplu strategiya ilə yarışı qazandı.

Lekler pit zamanı keçildikdən sonra yar qazanmaq çətin olduğu üçün Hard təkərləri limitlərdə sürməyib. Buna görə də onun təkərləri nisbətən yaxşı qalıb. Buna görə də komanda tək pit-stoplu strategiyanı mümkün edən ünsürlərdən olub.

Ferrari komandasının rəhbəri Frederik Vassyör: “Tək pit-stopun ən yaxşı variant olduğu məlum idi. Amma təkərləri çox yeməməli idik. Yerimizi itirsək də, rəqiblərlə mübarizə aparmayaraq təkərləri çox yaxşı vəziyyətə gətirdik.

İlk bir neçə dövrəni nəzarətdə saxladıq. Lekler təkərlərə çox yaxşı nəzarət edirdi və yarışın sonunda bunun qarşılığını aldıq”.

Pirelli Motorsport-un rəhbəri Mario İzola bildirib ki, təkərlərə qarşı həssas davranmaq komandalar üçün çox vacib olub: “Cümə günü atılan dövrələrə baxsanız, görərdiniz ki, təkərləri yaxşı formada istifadə edən sürücülər üçün yeyilmə çox az idi. İlk dövrədən limitlərdə sürən sürücülərdə isə yeyilmə daha yüksək idi.

Yarış ərzində bu işi görmək çox çətindir, çünki trasdakı yerinizi qorumaq istəyərsiniz və çox yavaşlaya bilməzsiniz.

Əlbəttə, çox yavaşlamağa da ehtiyac yoxdur, amma yeyilməni azaltmaq və arxa tərəfə çox yük salmamaq üçün diqqətli olmalısınız. Lakin Hard təkərlər ilk dövrələrdə Ferrari üçün yaxşı işləyirdi”.

Rauf Hacıyev

Şərh əlavə et