Xəbəri Kokpitdə Oxuyun!

Yeni F3 maşını təqdim olunub

Yeni Formula 3 bolidləri ən az növbəti 3 mövsümdə yarışacaq. Bu bolid həm də FİA-nın yeni sintetik yanacaqları ilə işləyəcək

Kokpit.az bildirir ki, FİA Formula 3 Çempionatı Montsada təşkil olunan xüsusi təqdimat mərasimində yeni 2025-ci il bolidini ictimaiyyətə təqdim edib.

Bolidi Dallara hazırlayıb və o, növbəti mövsümdə debüt edəcək və ən az növbəti üç mövsümdə bu maşınlardan istifadə ediləcək.

Bu maşınlar görünüşcə hazırkı Formula 1 və Formula 2 maşınlarına bənzəyir və ovalvari ön və arxa qanad kənarları ilə təchiz ediliblər.

Düzdür Formula 3-də ötmələr az olmur, amma yeni maşınlar ilə ötmə bacarığı daha da yaxşılaşdırılacaq. Bu maşınlar məhz bunun üçün düzəldilib və keçən ilin iyun ayından bəri bu maşınlarla 2000 kilometr test məsafəsi qət edilib. Bu isə böyük rəqəmdir.

Formula 3-ün İdarə Heyətinin rəhbəri Bruno Mişel yeni maşın barədə bunları deyib: “Növbəti 3 mövsümdə yarışdıracağımız yeni Formula 3 maşınını təqdim etdiyimiz üçün çox məmnunuq.

Bu eynilə hazırkı Formula 2 maşını kimidir. Biz FİA ilə birlikdə çətin, təhlükəsiz və gələcəkdə Formula 1 yarışmaq istəyən gənc sürücüləri hazırlamaq üçün bu maşını dizayn etdik.

2025-ci ilin Formula 3 maşını gələcəkdə çox sayda ötmə fürsəti yaratmaq üçün dizayn edilib. Bundan başqa FİA-nın sükan idarəsi ilə bağlı lazımi qaydaları nəzərə alaraq, bu yeni maşının hər cür sürücü üçün əlverişli olmasına çalışdıq.

Bunu nəzərə alaraq yeni nəsil maşınların daha hərtərəfli olmasını təmin etmək üçün avtomobilimizin sürüş qabiliyyətini və rahatlığını yaxşılaşdırdıq”.

Maşın 8000 dövrdə 380 at gücü istehsal edən 3.4 litr həcmli normal havalandırmalı (atmosferik) Mecachrome V6 motordan gücünü alır. Mühərrik Aramco tərəfindən təkmilləşdirilmiş 100 faiz sintetik yanacaqla işləyəcək.

Formula 3-ün İdarə Heyətinin rəhbəri Bruno Mişel bunları əlavə edib: “2025-ci ilin Formula 3 maşınlarında yenidən emal edilən karbondan istifadə ediləcək. Maşın təbii kauçuk komponentli 16 düyməlik təkərlərlə işləyəcək”.

Maliyyə cəhətdən əlverişli olması üçün maşın 11 əməliyyat işçisi ilə idarə oluna biləcək.

Formula 1-in idarə heyətinin rəhbəri Stefano Domenikali isə bunları deyib: “Formula 3 Çempionatı həyəcanverici yarışlar, yaxın çempionluq mübarizəsi təqdim edir. Ən vacibi isə bu çempionat gələcək Formula 1 sürücüləri üçün əsas təhsil sahəsidir.

Yeni nəsil ulduzların və bütün sürücülərin avtoidman piramidasında irəli gedə bilmələrinə kömək etmək üçün bu Formula 3 maşınları dizayn edilib. Onların bu maşınlarda inkişaf etməsi bizim üçün çox vacibdir.

Bu yeni nəsil maşınlar 2026-cı ildə Formula 1 maşınlarında istifadə edəcəyimiz  FİA-nın tamamilə yeni 100 faiz sintetik yanacaqla işləyəcəklər. Bu da bizim yeni sintetik yanacaqlar üçün önəmli bir addımdır”.

Rauf Hacıyev

Şərh əlavə et