Xəbəri Kokpitdə Oxuyun!

K.Sayns: Öndən sürüşmə problem yaratdı

Ferrari komandasının sürücüsü Karlos Sayns bildirib ki, bolidin ön tərəfi sürüşdüyü üçün daha yaxşı yer tuta bilməyib.

Kokpit.az xatırladır ki, İtaliya Qran Prisinə xüsusi yeniliklərlə gələn Ferrari komandası sıralanma turunda pis görünmürdü.

Şarl Lekler sıralanma turunda 4-cü, Karlos Sayns isə 5-ci yeri tutub.

İspaniyalı sürücü sıralanma turunun birinci sessiyasında yeddinci döngədə bolidin idarəetməsini itirərək çınqıllı sahəyə çıxıb. 30 yaşlı sürücü trasa qayıtsa da, sürətli dövrəsini ləğv edib.

Lakin Karlos Sayns düşünür ki, bu hal ona temp itizdirməyib. Bunun əvəzinə bolidin öndən sürüşmə yaşamasına görə daha yaxşı yerlər qazanmaq şansını itirib: “Orada sadəcə kiçik bir insident yaşadım. Daha sonra özümü yaxşı hiss edirdim və maşınla yaxşı nöqtədə idim.

İkinci sessiyada güclü dövrələr vurdum. Son sessiyada isə asfaltla ilişmə artdıqca daha da gücləndik. Amma heyif ki, Lesmolarda və Parabolikada bolid çox öndən sürüşürdü.

Son cəhdimdə birinci sektorda hamıdan sürətli idim və düşünürdüm ki, poul qazana biləcəm. Ancaq bolidə balanslar əlavə etsək də, o döngələrdə ön tərəf çox sürüşdü. Buna gör də 0.05-0.1 saniyə itirdim. Yəni sıralanma turunda mənə maneə olan şeyin öndən sürüşmə olduğuna əminəm.

Əgər yüksək sürətdə balansı təmin edə bilsək, daha yaxşı yer tuta bilərdik. Amma deyəsən hamı üçün oxşar hal mövcuddur və bu da bolidlərin hava şəraitinə qarşı necə həssas olduğunu göstərir.

Məncə, hamımız bir-birimizə çox yaxınıq. Məncə, yarışda əsas amil təkərlərə daha yaxşı nəzarət etmək olacaq”.

Qeyd edək ki, Ferrari komandası öz ölkələrindəki həftəsonuna yeni minimum asfaltayatma qüvvəsi istehsal edən paketlə – arxa qanad, laylı tarazlayıcı qanad, yeni altlıq – gəliblər.

Rauf Hacıyev

Şərh əlavə et