Xəbəri Kokpitdə Oxuyun!

İtaliya 2024: Lekler tiffozilərə bayram yaşadıb

Formula 1 üzrə 2024-cü il Dünya Çempionatının 16-cı mərhələsi olan İtaliya Qran Prisində qalib Ferrari komandasında Şarl Lekler olub. Yarışa ilk cərgədən başlayan McLaren komandasının sürücüləri isə podiumu tamamlayıblar.

Kokpit.az xatırladır ki, İtaliya Qran Prisinin birinci sərbəst yürüşlərində Maks Ferstappen, ikinci və üçüncü sərbəst yürüşlərdə Lyuis Həmilton hamıdan sürətli olub. Dünən keçirilən sıralanma turunda isə McLaren komandasının sürücüləri ilk cərgəni zəbt ediblər. Lando Norris birinci, Oskar Piastri ikinci yeri tutublar. Corc Rassell isə yarışa üçüncü yerdən başlamaq haqqı qazanıb. Burada ən çox diqqət mərkəzində olan Ferrari sürücüləri Şarl Leklerlə Karlos Sayns isə sıralanma turunda müvafiq olaraq 4 və 5-ci yerləri tutublar. Çempionatın lideri Maks Ferstappen isə yarışa 7-ci yerdən start verəcək.

Pirelli şirkəti İtaliaya ən yumşaq üç tərkib olan C3, C4 və C5 tərkiblərini gətirib. Burada sürücüləri bir ya da iki pit-stoplu strategiya gözləyəcək.

START: Sürücülərin əksəriyyəti Medium təkərlə start veriblər. Ferstappen, Peres, Stroll, Bottas və Tsunoda Hard təkərlə yarışa başlayıblar.  Beş qırmızı işığın sönməsi ilə Norris yaxşı tərpənsə də, Rassell əylənmə zonasını qaçırıb və qaçış zonasına çıxmalı olub. Rassell trasa qayıdarkən Norris vaxt itirib və bunun nəticəsində Piastri komanda yoldaşını geridə qoyub. Norrisin ləngiməsindən Lekler də yararlanıb və ikinci yerə yüksəlib. Corc Rassell isə üçüncü yerdən başladığı yarışda etdiyi səhvdən sonra 7-ci yerə qədər geriləyib. Rassellin maşını isə zədələnib.

İlk altı dövrədən sonra sıralanma belə olub: Piastri, Lekler, Norris, Sayns, Həmilton, Ferstappen, Rassell, Peres, Elbon, Alonso.

Yarışın 6-cı dövrəsində Niko Hülkenberq pitə gələrək Medium təkərlərdən Hard təkərlərə keçib. Onun pit-stopu yavaş keçib və çox vaxt itirib. Yarışın 8-ci dövrəsində isə Yuki Tsunoda boksa gələrək, mübarizəni dayandırıb və yarışı vaxtından əvvəl bitirən ilk sürücü olub. Yaponiyalı pilot startda Niko hülkenberqlə insident yaşayaraq, bolidini zədələmişdi.

Yarışın 9-cu dövrəsində isə startda insidentə səbəb olduğu üçün Daniel Rikkardoya 5 saniyə zaman cəzası gəlib. Niko Hülkenberq isə startda Yuki Tsunoda ilə insident yaşadığı üçün 10 saniyə zaman cəzası alıb.

Yarışın 11-ci dövrəsində isə azarkeşlə iki ötməyə şahidlik ediblər. Əvvəlcə start finiş düzlüyündə Serxio Peres zədəli maşınla yarışa davam edən Corc Rasseli keçərək, yarışda 7-ci yerə yüksəlib. Arxa tərəfdə 11-ci yer uğrunda mübarizədə isə Kevin Maqnussen Daniel Rikkardonu geriqə qoyub.

Yarışın 12-ci dövrəsində Corc Rassell pitə gələrək, Medium təkərdən Hard təkərə keçib. Onun zədələnmiş ön qanadı da dəyişdirilib və pit-stop 10 saniyə çəkib. Elə eyni dövrədə Daniel Rikkardo da pitə gəlib. Avstraliyalı sürücü də Medium təkərdən Hard təkərə keçib.

Yarışın 13-cü dövrəsində isə 10-cu yerdəki Fernando Alonso pitə gəlib. O da Medium təkərdən yeni Hard təkərə keçib və trasa 15-ci yerdə qayıdıb.

Yarışın 14-cü dövrəsində isə Lando Norris sürətlənməyə başlayıb və Şarl Leklerin DRS-inə düşüb. Oskar Piastri isə liderliyini qoruyub və ikinci yerdəki Leklerlə fərqi 3 saniyəyə qaldırıb. Bu anda Maks Ferstappen də 5-ci yer uğrunda mübarizədə Həmiltona çatıb və onun DRS-inə düşüb.

Yarışın 15-ci dövrəsində Lando Norris pitə çağırılıb. Britaniyalı sürücü pit girişində az qala qəza edəcəkdi, amma son anda özünə gələ bilib. O, problemsiz pitdən sonra trasa Hard təkərlə 9-cu yerdə qayıdıb.

16-cı dövrədə isə Şarl Lekler və Lyuis Həmilton pitə çağırılıblar. Monakolu sürücü pit-stoplardan sonra Lando Norrisin gerisinə düşüb və potensial ikinciliyi itirib. Yarışın 17-ci dövrəsində isə yarışın lideri Oskar Piastri pitə gəlib və trasa Hard təkərlə 4-cü yerdə bitirib.

Yarışın 20-ci dövrəsində isə yarışın müvəqqəti lideri Karlos Sayns pitə gəlib və Mediumdan Hard təkərə keçən son sürücü olub. Arxa tərəfdə Ləns Stroll da eyni dövrədə pitə gedib.

Yarışın 23-cü dövrəsində çempionatın lideri Maks Ferstappen pitə gəlib. Lakin niderlandlının pit-stop elə də ideal keçməyib. Onun sağ arxa təkəri ilişib və gec çıxıb. Yekunda onun pit-stopu 6.2 saniyə keçib. Ferstappen yarışa elə Hard təkərlə davam edib. 24-cü dövrədə isə Serxio Peres pitə gəlib. O da komanda yoldaşı kimi Hard təkərdə qalıb.

Yarışın 26-cı dövrəsində Kevin Maqnussen yaşadığı insidentə görə 10 sanyə zaman cəzası alıb.

Yarışın yarısı geridə qaldıqdan sonra sıralanma belə olub: Piastri, Norris, Lekler, Sayns, Həmilton, Ferstappen, Peres, Rassell, Alonso, Okon

Yarışın 31-ci dövrəsində Corc Rassell Serxio Peresə hücum etsə də, uğursuz alınıb. Britaniyalı sürücü tras xaricinə çıxıb önə keçsə də, yenidən yerini Peresə qaytarmalı olub.

Yarışın 33-cü dövrəsində isə Lando Norris pitə gəlib və o, Hard təkərdən Hard təkərə keçərək, liderlər arasında pit edən ilk sürücü olub. Lakin britaniyalı sürücünün pit-stopu ideal olmayıb və 3.3 saniyə keçib. Lando Norris trasa 6-cı yerdə qayıdıb. O, çempionatdakı əsas rəqibi Ferstappenin gerisinə düşüb.

Yarışın 34-cü dövrəsində isə Corc Rassell pitə gəlib və trasa 12-ci yerdə qayıdıb. Britaniyalı pilot da pitdə ləngidilib. Onun sağ arxa təkəri gec bağlanıb və yekunda pit-stop 4.2 saniyə çəkib.

Yarışın 36-cı dövrəsində isə Serxio Peres pitə gəlib. O, trasa Corc Rassellin önündə qayıdıb. 38-ci dövrədə isə digər Mercedes pilotu Lyuis Həmilton pitə gəlib və Hard təkərə keçib. Elə bu anda Corc Rassell rəqibi Serxio Peresə hücum edib. İki sürücü 7-ci yer uğrunda amansız mübarizə aparsalar da, sonda Mercedes komandasının sürücüsü öndə qalıb.

Yarışın 41-ci dövrəsində isə Lando Norris start finiş düzlüyündə çempionatın lideri Maks Ferstappeni keçib. Bundan sonra Red Bull komandası niderlandlı pilotu pitə çağırıb. Yarışın 42-ci dövrəsində pitə gələn Maks Ferstappen Hard təkərdən Medium təkərə keçib.

Yarışın 44-cü dövrəsində Maks Ferstappen sürətli dövrə vurub. 45-ci dövrəsə isə Oskar Piastri DRS ilə Karlos Saynsı keçərək, liderliyə yüksəlib. 47-ci dövrədə isə Lando Norris Saynsa hücumlar edib. 48-ci dövrədə isə britaniyalı sürücü Saynsı geridə qoyaraq, üçüncü pilləyə yüksəlib.

Yarışın 50 dövrəsindən sonra vəziyyət belə olub: Lekler, Piastri, Norris, Sayns, Həmilton, Ferstappen, Rassell, Peres, Maqnussen, Elbon

Beləliklə, Şarl Lekler İtaliya Qran Prisində qalib gəlib və Ferrari-yə öz publikası önündə qələbə gətirib. Bu, həm də monakolu sürücünün əfsanəvi Montsada 5 ildən sonra ikinci qələbəsi olub. İkinci yeri Oskar Piastri, üçüncü yeri Lando Norris tutublar.

Karlos Sayns 4-cü, Lyuis Həmilton 5-ci, çempionatın lideri Maks Ferstappen 6-cı, Corc Rassell 7-ci, Serxio Peres 8-ci olub. Onluğu Kevin Maqnussen və Aleks Elbon bağlayıb. Lakin Maqnussenin 10 saniyə zaman cəzası olduğu üçün o, 9-cu yerdən 10-cu yerə düşüb.

 

Rauf Hacıyev

Şərh əlavə et