Kokpit.az xatırladır ki, ispaniyalı sürücü İtaliya Qran Prisinin sıralanma turunda Williams komandasından Aleks Elbonun və Haas komandasından Niko Hülkenberqin gerisində qalaraq, 11-ci olub. Aston Martin-in digər sürücüsü Ləns Stroll isə 17-ci yerlə razılaşıb.
Fernando Alonso Montsadakı mətbuat konfransında bildirmişdi ki, Montsa onların maşını üçün əlverişli tras deyil. Lakin ikiqat Dünya Çempionu inanır ki, bugünkü yarışdan xalla qayıdacaqlar: “Bir neçə yarışdır ki, eyni sözləri deyirəm. Sıralanma turunda yaxşıyıq, amma yarışda reallıqlarla qarşılaşırıq.
Haas və Williams ilə aramızda 0.1 saniyə fərq var və bu da bizi məyus edir”.
Fernando Alonso yarışdan gözləntilərini də bildirib: “Bazar günü maşından maksimumu çıxarmağa ümid edirik, amma peletonuh çox yaxın olduğunu nəzərə almalıyıq. Çalışacağıq ki, 10-cu yer uğrunda mübarizə aparaq.
Böyük ehtimalla bir pit-stoplu strategiya seçəcəyik. Keçmişdə Montsada yarışlar həmişə belə olub. Ancaq təkərlər çox yeyilsə, iki pit-stoplu strategiyaya keçə bilərik. Lakin bu hal hamı üçün eyni olacaq.
Əslində yarışda elə də fərqli strategiyaların olacağını gözləmirəm. Yarışın taleyini təkərlər həll edəcək.
Ən yaxşı halda 1 ya da 2 xal qazana bilərik və yarışa bunun mümkün olduğunu düşünərək başlayacağam. Əgər xal ala bilməyəcəyimi düşünsəm, heç yarışmaram”.
Şərh əlavə et