Kokpit.az xatırladır ki, Lyuis həmilton gələn il Ferrari komandasına gedəcək. Mercedes komandası bir neçə ay idi ki, yeddiqat Dünya Çempionunun əvəzinə layiqli sürücü axtarırdı. Mercedes-lə Maks Ferstappen, Fernando Alonso və Karlos Sayns kimi sürücülərin adları hallansa da, “gümüşü oxlar” sonda öz yetirmələri olan gənc istedad Kimi Antonellini seçiblər.
Düzdür, Toto Volff son ana qədər Lyuis Hımiltonun yerinə Maks Ferstappen kimi Dünya Çempionunu gətirmək istəyirdi və bu arzusunu açıq formada mətbuatda da demişdi. Lakin onun bu istəyi alınmadı və niderlandlı sürücü Red Bull-da qalmağa qərar verərək sadiqliyini göstərdi.
Bundan sonra Mercedes öz yetirməsi olan və gələcəyin superstarı kimi görülən Kimi Antonellini komandaya gətirməyə qərar verib və bu gün Antonellinin vətəni İtaliyada bu transfer rəsmən mətbuata bildirilib.
Beləliklə, Mercedes komandası 2025-ci ildə ilk dəfə öz akademiyasından yetişdirdiyi iki sürücü – Kimi Antoneli və Corc Rassell – ilə yarışacaq.
Antonellinin açıqlaması ilə Mercedes və Ferstappen dedi-qoduları bir müddət dayana bilər, amma Corc Rassellin müqaviləsi 2025-ci ilin sonunda bitəcək və gələn il yenə bu cür söz-söhbətlər görə bilərik.
Kimi Antonelli 2019-cu ildə 12 yaşı olarkən Mercedes-in gənc sürücü proqramına girib. O, FİA Kartinq Avropa və WSK Euro çempionatlarının qalibi olub. 2022-ci ildə ADAC və İtaliya F4-də çempionluqlar qazanıb. 2023-cü ildə isə Formula Avropada qalib olduqdan sonra bu il Formula 2-də debüt edib və indiyə kimi burada iki qələbə qazanıb.
Gənc ulduz bu həftəsonu İtaliya Qran Prisinin birinci sərbəst yürüşlərində iştirak edib və ilk dəqiqələrdə qəza etsə də, göstərdiyi performansla komanda rəhbərlərini heyrətə gətirib.
Gələn il Formula 1-də debütə hazırlaşan Kimi Antonelli təəssüratlarını belə bölüşüb: “Gələn il Mercedes komandasında Corcun komanda yoldaşı olmaq inanılmaz hissdir. Formula 1-də yarışmaq mənim uşaqlıq xəyalım idi. Karyeram ərzində mənə inandıqlarına və verdikləri dəstəyə görə Mercedes-ə təşəkkür edirəm. Hələ çox şey öyrənəcəm, amma özümü hazır hiss edirəm. Daha güclü olmaq və komandaya mümkün olan ən yaxşı nəticələri qazandırmaq üçün əlimdən gələni edəcəm.
Corcun komanda yoldaşı olacağam və çox həyəcanlıyam. O da mənim kimi gənc sürücü proqramından gəlib. Ona böyük hörmətim var. Çox sürətli, yarış qazanmış pilotdur və inkişafıma çox kömək edib. Ondan nəsə öyrənmək və onunla bir yerdə işləmək üçün səbirsizlənirəm”.
Şərh əlavə et