Kokpit.az bildirir ki, ispaniyalı sürücü 1.46.766 zaman nəticəsi ilə ən yaxın rəqibi Pedro Akostaya 1 saniyə fərq atıb.
Səhər Araqonda tras şəraiti ideal deyildi. Gecə yağış yağdığı üçün sessiyanın başlanğıcında tras tam qurumamışdı və buna görə də sürücülər asfaltla ilişmədən şikayət edirdilər. Buna görə də ikinci sərbəst yürüşlərdə sürücülər risk almadılar.
Amma sıralanma turunun birinci sessiyasında sürücülər daha çox limitlərə çatmağa başladılar. Xüsusən də KTM sürücüləri ikinci sessiyaya keçmək şansı verən iki yer üçün amansız mübarizə aparıblar.
Bren Binder birinci sessiyada Akostanı kiçik fərqlə qabaqlayaraq, ikinci sessiyaya keçdi. Marko Bezzekki son cəhdində Akostadan 0.068 saniyə geridə qaldı. Enea Bastyanini də birinci sessiyada ələnən sürücülərdən biri idi.
İkinci sessiyanın əvvəlində Xorxe Martin ilk sürətli dövrəsini vurarkən yıxılı b və dəyərli zaman itirib. Martin sürətlə ikinci motosiklet üçün pitə qayıdıb. Bu anda Mark Markes 1.47.478 zaman nəticəsi ilə zirvəyə oturub. Mark onsuz da sərbəst yürüşlərdə güclü performans göstərmiş və poul üçün əsas favorit olmuşdu. İspaniyalı sürücü nəticəsini daha da yaxşılaşdırıb və rəqiblərinə fərq atmağa başlayıb. Sıralanma turunda 107 saniyənin altına düşən tək sürücü olub və ikinci yerdəki Akostanı 0.84 saniyə qabaqlayıb.
Akosta isə son anda Banyayanı qabaqlayaraq, debütant mövsümündə ən yaxşı nəticəni əldə edib və ikinci olub. Martin isə qəzaya baxmayaraq, sessiyanı dördüncü yerdə bağlayıb. Onu Aleks MArkes, Franko Morbidelli, Bred Binder, Migel Oliveyra və Raul Fernandes izləyiblər. Onluğu isə son sessiyaya qalmış yeganə Honda pilotu Yohan zarko bağlayıb. Aprilia komandasından Aleş Esparqaro 11-ci, Maverik Vinyales isə 12-ci yerləri tutublar.
Şərh əlavə et