Kokpit.az xatırladır ki, ilk məşqlərdə Maks Ferstappen hamını üstələyib, növbəti iki məşqlərdə isə protokollarda ən başa yazılan ad Lyuis Həmilton olub. Pirelli bura ən yumşaq təkərləri – C3, C4 və C5 tərkiblərini gətirib. Bugünkü təsnifat mərhələsi boyunca yalnız Soft təkərlərdən istifadə edilib.
İlk sessiyada sürücülər ardıcıl sürətli dövrələr vurmaqla mübarizəyə başlayıblar. Təkərləein aşınmasının az olması buna şərait yaradıb. Piastri, Sayns və Kolapinto trasdan çıxaraq səhvə yol veriblər. Mercedes sürücüləri yenə oturacağn çox qızmasından şikayətləniblər. Maqnussen də texniki nasazlıq ucbarından mübarizədən çəkilib. 1:19.911-lik nəticə göstərən Norris hamını üstələyib. Çjou, Bottas, Kolapinto, Stroll və Tsunoda mübarzəni dayandırıblar.
İkinci sessiyanın startı trasa dağılmış çınqılların təmizlənməsinə görə 4 dəqiqə gecikib. Yaşıl işıqlar yandıqdan sonra ilk cəhdlərinə çıxan sürücülərdən Həmilton daha uğurlu olub – 1:19.641. Onun nəticəsi bir çoxlarının işlənmiş təkərlərlə çıxdığı ikinci cəhdlərdən sonra da ən yaxşı olaraq qalıb. Okon, Qasli, Maqnussen, Rikkardo və Alonso üçün bugünkü mübarizə başa çatıb.
Son sessiyada Ferstappen boksdan çıxarkən Saynsla toqquşmadan son anda yayınıb. Belə hal əvvəlki sessiyada Piastri ilə də yaşanıb və hər iki halda sürücülər Maksın önünə buraxılıb. Norris ilk cəhddə sürətli olub, ikinci cəhdində isə performansını daha da artıraraq nəticəsini inkişaf etdirib. Bir çox sürücü də buna nail olsa da, Landonu keçmək mümkün olmayıb.
Beləliklə, Lando Norris ardıcıl ikinci, mövsümdə dördüncü, karyerasında isə beşinci poulunu əldə edib. Sabahkı yarışa onun yanından ilk cərgədən komanda yoldaşı Piastri başlayacaq. İkinci cərgədən Rassell və Lekler, üçüncü cərgədən Sayns və Həmilton start alacaqlar. Ferstappen isə yalnız 7-ci ola bilib və komanda yoldaşı ilə 4-cü cərgədən yarışa başlayaraq qalib gəlməyə fürsət axtaracaq.
Sabah Bakı saatı ilə 17:00-da bizi nəticəsi maraqla gözlənilən yarış gözləyir…
Şərh əlavə et