Xəbəri Kokpitdə Oxuyun!

Debütantlar üçün sprint yarışı olacaq?

Formula 1 rəhbərliyi  Əbu Dabi yarışından sonra keçirilən təkər testlərinin ardından bir sprint yarışı keçirməyi müzakirə edir.

Kokpit.az bildirir ki, F1 Komisiyasının son toplantısından sonra gənc sürücülərə daha çox sürüş şansı vermək üçün Formula 1 və komanda rəhbərləri arasında müzakirələr başlayıb. Hazırda bunun üçün üsullar axtarılır.

Komanda rəhbərləri düşünürlər ki, müasir dövrdə testlər məhdud olduğu üçün debütant sürücülər keçmişdəki kimi hazırlıqlı olmurlar.

Debütantların xüsusi dəvətlə Formula 1-də yarışması ideyası ortaya atılsa da, üçüncü bolidlə bağlı problemlərə görə bu fikir rədd edilmişdi. Başqa ideya da var idi: Debütantların  daha çox sərbəst yürüşlərdə iştirak etməsi.

İndi isə başqa bir təklif ortaya atılıb: Debütantlar üçün sprint yarışı təşkil etmək. Bu isə dekabr ayında mövsümün son yarışından sonra Əbu Dabidə keçirilən debütant testləri zamanı olacaq. Belə ki, testlərdən sonra gənc sürücülər sprint yarışına qatılacaqlar.

İndiki reqlamentə görə komandalar Əbu Dabi testlərinə iki maşınla qatılmalıdır. Maşınlardan biri iki Qran Pridən çox yarışmayan sürücüyə, digəri isə növbəti mövsümdəki təkərləri test etməsi üçün əsas sürücülərdən birinə verilir.

Növbəti ay keçiriləcək F1 Komisiyasından əvvəl idman direktorlarını fikri soruşulub. Bu ideyanın tətbiq edilib-edilməyəcəyi bundan sonra dəyərləndiriləcək.

Formula 1-in rəhbəri Stefano Domenikali də İtaliya Qran Prisi ərəfəsində bildirib ki, bu ideyanın sayəsində gənc sürücülərin inkişafı daha faydalı olacaq: “Masada bir layihə var. Əbu Dabidə gənc sürücülər üçün sprint yarışı təşkil etmək ehtimalı.

Yas Marina testi zamanı gənclərə özlərini göstərmə və təcrübə qazanma fürsəti verə biləcəyimizi düşünürük. Sadəcə testdə sürməklə yox, eyni zamanda mübarizə aparmaqda da təcrübə qazanmalarını istəyirik. Bu hal onları sonrakı addıma hazırlayacaq və inkişaf proseslərinə kömək edəcək. Bu fikri tətbiq etmək üçün sentyabr ayının sonuna qədər detallı müzakirə aparacağıq”.

Əbu Dabi testindən sonra sprint yarışı keçirmək həm komandalar, həm də təşkilatçılar üçün boyük loqistika çətinliyi yaradacaq. Yekunda zaman sistemi, təhlükəsizlik avadanlıqlar, işçilər və komanda əməkdaşları kimi əlavə ehtiyaclar ortaya çıxacaq.

Bunlardan başqa isə sprint yarışının televizorda necə göstəriləcəyi hələ məlum deyil. Ancaq bu testə qatılan sürücülər üçün böyük dəstəl olacaq. Haas-ın yeni sürücüsü Oliver Berman, Alpine-dən Cek Duhən və Kimi Antonelli kimi sürücülər bu testlərdə iştirak edə biləcəklər.

Amma onu da qeyd edək ki, sprint yarışının bu il reallaşması inandırıcı görünmür. Lakin 2025-ci il üçün müzakirələr aparıla bilər.

Daha çox sprint yarışı

Formula 1-in rəhbəri Stefano Domenikali bildirib ki, 2025-ci ildən sonra daha çox sprint yarışı təşkil etmək istəyirlər: “2025-ci ildə yox, amma gələcəkdə sprint həftəsonunu artırmaq ehtimalı var. Getdikcə maraq artır, amma MotoGP-də olduğu kimi hər həftəsonu sprint yarışı keçirə bilmərik. Ancaq bunun sayını artıra bilərik. Bunu ilin sonuna qədər Qətərdə müzakirə edəcəyik”.

Rauf Hacıyev

Şərh əlavə et