Kokpit.az bildirir ki, Montsa trasında yenidənqurma işləri gedib və asfalt qatı uzun müddətdən sonra iki dəfə yenilənib.
Adətən yeni aafalt qatı trasın xüsusiyyətlərinə təsir edir və ilk ehtimallara görə yeni asfalt bu həftəsonunun ən çox müzakirə edilən ünsürü olacaq.
Pirelli mühəndisləri yeni asfaltı təhlil etdikdən sonra bildiriblər ki, buradakl tünd rəng əvvəlki qata nisbətən temperaturu daha çox saxlayır və bu da təkərlərin temperaturuna çox böyük təsir edir.
Pirelli göndərdiyi brifinq qeydində bunları deyib: “Ümumilikdə hər yeni asfalt qatında olduğu kimi üst hissə əvvəlkindən daha sığallı və daha tünd rəngdə olacaq. Bu son faktor trasın temperaturuna təsir edəcək və gün çıxsa, tras əvvəlki illərə nisbətən daha isti ola bilər. Temperatur hətta 50 dərəcədən yüksəyə çıxa bilər.
Teoriya cəhətdən götürsək, yeni asfaltda ilişmə daha çox olmalıdır. Bu da təkərlərin performansına və işləmə temperaturuna təsir edəcək”.
İlkin hava proqnozları həftəsonu ərzində 30 dərəcə temperatur göstərir. Buna görə də əksər komandalar təkərlərin həddən artıq qızmasına görə problem yaşaya bilərlər.
Bu problem Mercedes üçün heç də yaxşı xəbər olmaya bilər, çünki W15 isti havalarda təkərlərin həddən artıq qızmasına və işləmə problemi yaşamasına qarşı həssas boliddir.
İspaniya, Avstriya və Macarıstan kimi təkər temperaruruna nəzarət etməkdə çətinlik çəkilən traslarda Mercedes çox problem yaşamışdı. Daha sərin Britaniya və Kanada yarışlarında isə Mercedes nisbətən daha az problem yaşamışdı.
Mercedes komandasının tras üzrə baş mühəndidi olan Əndryu Şovlin bu barədə belə danışıb: “Silverstoun kimi traslarda bolidin arxa tərəfi çox balanslı olur. Avstriya və Budapeştdə isə balans yox idi. Bu təkərlərin çox qızmasından irəli gəlir.
Bu problemin üzərində işləməliyik. Buna görə də planlarımız var, ancaq bunu bir aero yeniliklə həll etmək mümkünsüzdür. Bunu həll etmək üçün çoxlu işləməliyik”.
Şərh əlavə et