Xəbəri Kokpitdə Oxuyun!

Norris Ferstappenə gözdağı verdi

Mövsümün ikinci yarısı elə başladı ki, elə bil komandalar biraylıq yay fasiləsinə getməmişdilər. Niderland Qran Prisi bizə mövsümün son yarışına qədər mübarizənin davam edəcəyini göstərdi. 

Yarışın startında hamı Maks Ferstappenin rəqibi Lando Norrisi keçəcəyini gözləyirdi, çünki britaniyalı sürücü daha əvvəl 3 dəfə pouldan başladığı yarışların ilk döngəsindən sonra liderliyini itirmişdi. Bu dəfə də belə oldu. Maks Ferstappen bu ilin Barselona yarışında etdiyi kimi yenə də Lando Norrisi startda keçərək, liderliyə yüksəldi.

Əslində cüt yerlərdən start alanlar üçün hər şey yaxşı olmuşdu. Yarışa 4-cü başlayan Rassell, 6-cı yerdən başlayan Şarl Lekler də startda hərəyə bir yer qazandılar. Onuncu yerdən başlayan Karlos Sayns isə 8-ci yerə yüksələ bilmişdi.

Bundan sonra hamı Lando Norris ilə Maks Ferstappen arasında gərgin mübarizə gözləsə də, elə olmadı. Yarışın növbəti dövrələrində britaniyalı sürücü  asanlıqla liderliyini geri qaytardı və yarışın sonuna qədər 23 saniyəlik fərq açdı. Üstəlik köhnə təkərlərlə sürətli dövrə də vurdu. Sözün düzü, Norrisin bu performansı mənə 2019-cu ildəki Həmiltonun Silverstoundakı performansını xatırlatdı.

Yarışın digər qazananı isə Şarl Lekler oldu. Monakolu sürücü yarışa 6-cı yerdən başlasa da, startda Peresi, daha sonra isə düzgün strategiya ilə Rassell və Piastrini geri qoyaraq, podiumun son pilləsini tutdu. Lakin bu, Şarl üçün elə də asan olmadı, çünki 26 yaşlı pilot yarışın sonuna qədər Piastrinin hücumlarını dəf etdi.

Ferrari komandasının digər sürücüsü Karlos Sayns da yaxşı performans göstərərk, 10-cu yerdən 5-ci yerə yüksəldi. Buna görə də bu yarışı az da olsa, Ferrari komandasının aktivinə yazmaq olar.

Yarışın ən böyük sürprizi isə sözsüz ki, Mercedes komandasından gəldi. “Gümüşü oxlar” həftəsonuna yaxşı başlamış və cümə gününü Corc Rassellə birinci yerdə bağlamışdı. Lakin yarış onlar üçün elə də yaxşı keçmədi. Həm Rassell, həm də Həmilton yarış ərzində hər üç dəst təkəri də işlətməkdə çətinlik çəkdilər. Bunun məntiqi nəticəsi kimi yarışı 7 və 8-ci yerdə bitirdilər. Bu da Mercedes komandasının son 5 yarışdakı ən pis nəticəsidir.

Həftəsonunun ən böyük sürprizlərindən birini Pyer Qasli etdi. Fransız sürücü 9-cu yerdən başladığı yarışı 9-cu yerdə bağlayaraq, komandasına hava və su kimi lazım olan 2 xal qazandırdı. İkiqat Dünya Çempionu Fernando Alonso isə 10-cu yeri tutaraq, günün son xallarını qazandı.

Düzdür, yarış çox maraqlı keçmədi, amma maraqsız da deyildi. Əsas odur ki, hazırda Mühəndislər Kubokunda Red Bull-la McLaren-in fərqi 30-a, Sürücülər Çempionatında isə Ferstappenlə Norrisin fərqi 70-ə düşdü. Mövsümün bitməsinə 9 yarış qaldığını nəzərə alsaq, bizi dəlisov sonluq gözləyə bilər. Bəlkə də, 2021-ci ildəki kimi hər şey son yarışda məlum olar. Hər halda gözləyək və görək nə olur.

Rauf Hacıyev

Şərh əlavə et