Kokpit.az xatırladır ki, Red Bull komandası Niderland yarışından əvvəl McLaren-dən 42 xal, Maks Ferstappen isə Lando Norrisdən 78 xal öndə olub. Zandfortdakı yarışdan sonra isə komandalar arasındakı fərqq 30 xala, sürücülər arasındakı fərq isə 70 xala düşüb.
Helmut Marko da fərqin belə sürətlə əriməsindən narahatdır və düşünür ki, Red Bull mütləq inkişaf etməlidir: “Bu nəticə məni narahat edir. Xüsusən də, Lando DRS olmadan son dövrə sürətli dövrə vurdu. Bunu nəzərə alsaq, Maksın dediyi kimi komanda daha çox işləməli və maşını inkişaf etdirməlidir. Əks halda çempionluq əldən gedə bilər.
Bolidi daha yaxşı anlamalıyıq. Beləliklə daha yaxşı balans tapa bilərik. Daha çox balans isə sürücü üçün inam, maşın üçün daha az təkər yeyilməsi gətirir. Lakin yeniliklər bizə hər tərəfdən kömək etməlidir.
Biz inanırdıq ki, startda önə çıxsaq, yarışı qazanardıq. Amma problem də budur. Təkər yeyilməmiz McLaren-ə nisbətən daha çox idi və əlimizdən heç nə gəlmirdi”.
Qeyd edək ki, Lando Norris Niderland yarışında Maks Ferstappenə 23 saniyəyə yaxın fərq ataraq yarışı qazanıb.
Şərh əlavə et