Xəbəri Kokpitdə Oxuyun!

F.Alonso: Bizə 1 xal da çoxdur

Aston Martin komandasının sürücüsü Fernando Alonso bildirib ki, hazırda olduqları vəziyyətə baxanda bir xal belə onlar üçün yaxşı nəticədir. 

Kokpit.az xatırladır ki. ispaniyalı sürücü Niderland yarışına 7-ci yerdən başlasa da, yekunda 10-u yeri tutaraq 1 xala razı olub. O, yarış ərzində gözlənildiyi kimi Karlos Sayns və Lyuis Həmiltona keçilib. Lakin yarışa 9-cu yerdən başlayan Pyer Qasli də finişə ikiqat Dünya Çempionundan əvvəl çataraq 9-cu olub. 

Yarışdan sonra danışan Fernando Alonso bunları deyib: “Böyük ehtimalla bir xal belə sahib olduğumuz tempə görə bir az çoxdur. Sıralanma turunda yaxşı idik və yeddinci yerdə başlamaq bizə bir xal qazandırdı. Yarışda daha güclü olmalıyıq. Hal-hazırda orta qrupdakı bəzi komandalara çatmaqda çətinlik çəkirik. Bunun səbəbini anlamalı və daha güclü olmalıyıq.

Məncə, yay tətilindən sonra heç nə dəyişməyib. Budapeştdə son dövrəyə qədər Yuki ilə mübarizə aparırdıq. Spa-da Williams və Alpine bizdən daha sürətli idi, amma biz tək pit-stoplu strategiya seçdik və bunun hesabına onları qabaqladıq. Burada isə Alpine və Haas bizdən daha sürətli idilər. Yəni ki, hazırda ən sürətli yeddinci komanda olduğumuzu düşünürəm. Qətiliklə daha güclü olmalıyıq”.

Bu ilin əksər yarışlarında Aston Martin komandası sıralanma turunda güclü olsa da, yarış tempində geri qalır. Fernando Alonso bu barədə belə danışıb: “Məncə, sıralanma turu builki ən güclü tərəfimizdir.

Sıralanma turunda çox sürətli idik və ötmənin çətin olduğu bu trasda son sessiyaya iki maşınla çıxmaq yaxşı haldır. Sıralanma turunda böyük ehtimalla potensialımızdan daha yaxşı performans göstərdik.

Yarışda isə dediyim kimi son 3 ya da dörd yarışdan heç bir fərqi olmadı. Spa-da necə nəticə göstərdiyimizi unutmamalıyıq. O yarışda tək pit-stoplu strategiya olmasa, yarışı 12 ya da 14-cü yerdə bitirəcəkdir. Burada isə 10-cu yeri tutduq.

Yəni ki, bu hal bizim üçün yeni deyil, amma yenə də məyusuq, çünki daha yaxşı nəticə göstərməliyik. Bolidi daha yaxşı anlamalıyıq. Növbəti yarışlar üçün bəzi yeniliklər gətirməli və mövsümün əvvəlindəki səviyyəmizə qayıtmalıyıq. Əbu Dabidəki son yarışa qədər güri qayıtmaq istəyirik”.

Rauf Hacıyev

Şərh əlavə et