Xəbəri Kokpitdə Oxuyun!

L.Həmilton: Əsəbpozucu sessiya oldu

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, sıralanma turu onun üçün çox əsəb pozucu olub. 

Kokpit.az xatırladır ki, son 3 yarışın ikisini qazanmış britaniyalı sürücü Niderlanddakı sıralanma turunun ikinci sessiyasında ələnib və 12-ci yeri tutub. Onun komanda yoldaşı Corc Rassell isə 4-cü yeri tutub. 

Əslində çox adam yeddiqat Dünya Çempionunun burada qazanmasına ümid edirdi, çünki Mercedes son yarışlarda güclənmiş və Niderland Qran Prisi həftəsonuna da yaxşı başlamışdı. Lakin qaradərili sürücü üçün işlər heç də qaydasında getməyib.

Lyuis Həmilton bildirib ki, sessiya onun üçün pis keçib: “Çox əsəbpozucu sessiya oldu. Bütün sessiya domino daşları kimi idi. Getdikcə daha da pis oldu”.

Lyuis Həmilton sıralanma turunun birinci sessiyasında Serxio Peresi əngəlləyib və meksikalı pilot onu radiodan şikayət edib. Yekunda stüardlar Lyuis Həmiltona startda 3 yer itirmək cəzası veriblər. Lyuis bu cəzadan sonra yarışa 14-cü yerdən başlayacaq.

Lyuis Həmilton: “Peres ilə yaşanan insidentdən sonra hər şey pisləşməyə başladı. Yoldan çəkilmək üçün əlimdən gələni etdim. Mümkün qədər sol tərəfdə idim, amma zamanlama çox pis idi”.

Rauf Hacıyev

Şərh əlavə et