Kokpit.az bildirir ki, Lando Norris dünən sıralanma turunda fantastik bir dövrə ataraq poul qazandı. Britaniyalı sürücü 1.09.673 zaman nəticəsi ilə 70 saniyənin altında düşən yeganə pilot oldu və ən yaxın rəqibi Maks Ferstappenə 0.356 saniyə fərq atdı və niderlandlı sürücünün vətənində poul qazandı.
Lakin Lando Norris indiyə kimi poul qazandığı bütün yarışların startında həmişə liderliyi itirib. 2021-ci ilin Rusiya yarışında Karlos Sayns, 2024-cü ilin İspaniya yarışında Maks Ferstappen, 2024-cü ilin Macarıstan yarışında isə Oskar Piastri britaniyalı sürücünü startda geridə qoymuşdular. Lando bu gün də startda Maks Ferstappenlə yan-yanadır. Eynilə bu ilin Barselona yarışındakı kimi.
Bəs bu gün necə? Lando Norris yenə də startda yerini itirəcək? Özü də düşünsək ki, bura Maks Ferstappenin vətənidir və bu trasda ötmə çətindir, niderlandlı sürücü əlindən gələni edəcək ki, startda üstünlük qazansın. Uzun sözün qısası bizi maraqlı start gözləyir və hətta yarışın taleyi elə startdaca həll oluna bilər.
Maks Ferstappen isə həftəsonu ərzində McLaren və Mercedes sürücülərindən zəif görünürdü. Buna baxmayaraq öz vətənində bir az özünə gəldi. Sıralanma turunun son sessiyasında bir neçə dəqiqəlik də olsa, birinci oldu, lakin daha sonra Landonun o möhtəşəm dövrəsi gəldi.
Ancaq düşünürəm ki, Maks Ferstappen təslim olan oğlanlardan deyil. Özü də Zandfort trası 2021-ci ildə təqvimə qayıtdıqdan sonra Maks burada keçirilən bütün yarışları qazanıb. İndi isə o, ardıcıl 4-cü qələbəsini əldə etmək istəyir. Bu dəfə onun işi bir az çətin olacaq, çünki artıq daha güclü McLaren və Mercedes komandaları var. Qələbə üçün onlarla mübarizə aparmaq lazımdır.
Mercedes komandasına gəldikdə isə sərbəst yürüşlərdəki performanslarını trasa əks etdirə bilmədilər. Corc Rassell 4-cü olduğu halda, Lyuis Həmilton 12-ci yeri tutdu. Üstəlik Lyuis sıralanma turunda Serxio Peresi əngəllədiyi üçün yarışın startında 3 yer itirdi. Belə görünür ki, Lyuis Həmilton bu il də Zandfortda qələbə üzünə həsrət qalacaq.
Beşinci yerdə isə biz Serxio Peresi gördük. Çətin keçən dövrlərdən sonra meksikalı pilot qənaətbəxş nəticə qazana bildi. Lakin onun yarışdakı performansının necə olacağı müəmmalıdır. O, keçən ay Belçika yarışına da 2-ci yerdən başlamış, yekunda 8-ci yeri tutmuşdu. Buna görə də Çeko adına indidən sevinmək olmaz.
Ferrari komandasına gəldikdə isə deyəsən hələ də tətildən qayıtmayıblar. Şarl Lekler 6-cı yeri tutsa da, pouldakı Lando Norrisdən 0.9 saniyə geridə qaldı. Bu isə Zandfort kimi qısa trasda həddən artıq böyük fərqdir. Düzdür, Ferrari buraya yenilik gətirməyib, ancaq yenə də bu fərq həddən artıq çoxdur.
Digər tərəfdə isə Karlos Sayns 11-ci yeri tutaraq sıralanma turunun ikinci sessiyasında ələnən sürücülərdən biri oldu. İspaniyalı sürücü sessiyadan sonra əsas səbəb olaraq ikinci sərbəst yürüşlərdə trasa çıxmamasını göstərdi. Bu gün həm ondan, həm də Lyuis Həmiltondan yüksəliş gözləyəcəyik.
Həftəsonunun ən məyusedici anı isə Aleks Elbon üçün oldu. Taylandlı sürücü son sessiyaya qalıb, 8-ci yeri tutsa da, altlığı reqlamentə uyğun olmadığı üçün diskvalifikasiya olundu. O, bugünkü yarışa sonuncu yerdən başlayacaq.
Beləliklə, bu gün startda Ferstappenlə Norrisinmübarizəsini, gerilərdə isə Həmiltonla Saysnın yüksəlişini görəcəyik. Yağış ehtimalını da düşünsək, tətildən sonra Formula 1 həvəslarları üçün çox möhtəşəm yarış olacaq.
Digər tərəfdən isə belə bir hal var: McLaren komandası yarışı ilk iki yerdə bitirsə, Red Bull komandasının sürücüləri isə mübarizəni dayandırsalar, “narıncılar” Mühəndislər Kubokunda liderliyə yüksəlcəklər.
Bəs necə olacaq? Ferstappenin ölkəsindəki uğurlu seriyası davam edəcək? Yoxsa bu gün bu seriya sona çatacaq?
Şərh əlavə et