Xəbəri Kokpitdə Oxuyun!

Niderlandda Norris poul qazanıb

Niderland Qran Prisi üzrə sıralanma turu geridə qalıb. Lando Norris poul qazanıb. Onu yerli qəhrəman Maks Ferstappen izləyib.

Niderland Qran Prisinin sıralanma turu üçüncü sərbəst yürüşlərdən fərqli olaraq günəşli havada və quru havada başlayıb. Yarışın idarə mərkəzi bildirib ki, yağış ehtimalı 40 faizdir.

Birinci sessiya

Trasa ilk Hülkenberq və Sauber komandasının sürücüləri çıxıb. Daha sonra əksər sürücülər trasa çıxaraq sürətli dövrə atmağa başladılar.

Birinci sessiyada sürücülər ilk dövrələrini vurduqdan sonra Həmilton, Norris və Piastri ilk üçlüyü tamamlayıblar. Lyuis Həmilton 1.11.375 zaman nəticəsi ilə zirvədə olub.

Daha sonra Maks Ferstappen atdığı sürətli dövrə ilə Lyuis Həmiltondan 0.018 saniyə geridə qalıb və üçüncü yerə yerləşib. Birinci sessiyanın əksər hissəsi geridə qalan vaxtda Piastri, Qasli, Stroll, Hülkenberq, Elbon, Lekler, Rassell, Peres, Maqnussen, Alonso, Okon və Sayns ilk 15-likdə olublar. Bu zaman Rikkardo, Tsunoda, Bottas, Çjou və nəticə göstərməyən Sarcent ələnmə bölgəsində olublar.

Lakin Karlos Sayns sonradan atdığı dövrə ilə zirvəyə yüksəlib və Peresi ələnmə nöqtəsinə atıb. Lakin meksikalı sürücü sürətli dövrə ilə hamını keçərək, birinci olub. Corc Rassell isə son cəhdi ilə ikinci yeri tutub.

Beləliklə, birinci sessiyanın sonunda Daniel Rikkardo, Esteban Okon, Valtteri Bottas, Quanyu Çjou və nəticə göstərməyən Loqan Sarcent ələniblər.

İkinci Sessiya

Ferrari komandasının sürücüləri ikinci sessiyanın başlaması ilə trasa çıxan ilk pilotlar olublar. Köhnə dəst Soft təkərlə dövrə vuran Karlos Sayns 1.11.835 zaman nəticəsini göstərib. Geridən fələn Şarl Lekler 1.11.665 zaman nəticəsi ilə liderliyi komanda yoldaşından alıb.

Bundan sonra əksər sürücülər sürətli dövrə üçün trasa çıxıblar. Maks Ferstappen, Oskar Piastri və Lando Norris və başqa sürücülər yeni dəst Soft təkərlə dövrələr vurublar.

Oskar Piastri 1.10.505 zaman nəticəsi ilə liderliyə yüksəlib. Maks Ferstappen isə Piastridən 0.3 saniyə geridə qalaraq ikinci yeri tutub. Lando Norris cəhdini tamamladıqdan sonra komanda yoldaşı Piastrini 0.009 saniyə qabaqlayaraq, liderliyə yüksəlib. Ardıcıl gələn Mercedes sürücülərindən Rassell 3-cü, Həmilton 5-ci olublar.

Birinci dövrələrdən sonra Maqnussen, Qasli, Tsunoda, Hülhenberq və Aleks Elbon ələnmə zonasında olublar.

İkinci sessiyanın bitməsinə 3.5 dəqiqə qalmış sürücülər yenidən trasa çıxıblar. Niko Hülkenberq atdığı son dövrə ilə 11-ci ola bilib. Qasli və Tsunoda nəticələrini yaxşılaşdıraraq, 5 və 6-cı yerləri tutublar. Serxio Peres isə 4-cü yerə yüksəlib.

Lakin sürprizlər bundan sonra yaşanıb. Favoritlərdən olan Karlos Sayns və Lyuis Həmilton nəticələrini yaxşılaşdıra bilməyiblər. Buna görə də müvafiq olaraq 11 və 12-ci yerləri tutaraq, ikinci sessiyadan ələniblər.

Üçüncü və həlledici sessiya

Son sessiyada ilk dövrəvi nəticə Oskar Piastridən gəlib. Maks Ferstappen isə atdığı dövrə ilə onun arxasında olub. Lakin Norris 1.10.074 zaman nəticəsi ilə komanda yoldaşını 0.119 saniyə qabaqlayıb və liderliyə yüksəlib. Ferstappen isə Norrisdən 0.148 saniyə geri qalaraq, üçüncü yerdə qərarlaşıb.

Bu üçlüyü Corc Rassell, Şarl Lekler və Pyer Qasli izləyiblər. Ləns Stroll, Serxio Peres, Fernando Alonos və Aleks Elbon sessiyanın başa çatmasına 5 dəqiqə qalmasına baxmayaraq, trasa çıxmayıblar.

Daha sonra trasa çıxan Fernando Alonso atdığı dövrə ilə beşinci yerə yüksəlib. Komanda yoldaşı Ləns Stroll isə yeddinci olub.

Sessiyanın bitməsinə 3 dəqiqə qalmış poul üçün Ferstappen, Norris və Piastri trasa çıxıblar.

Maks Ferstappen son cəhdində atdığı dövrə ilə qısa müddətlik də olsa, liderliyə yüksəlib, amma Norris son cəhdində üçqat Dünya Çempionunu 0.3 saniyə qabaqlayaraq, karyerasının dördüncü poulunu əldə edib. Oskar Piastri də nəticəsini yaxşılaşdırıb, amma üçüncü yerdə qalıb. Beşliyi Corc Rassell və  Serxio Peres bağlayıblar.

Beləliklə onluq belə formalaşıb: Norris, Ferstappen, Piastri, Rassell, Peres, Lekler, Alonso, Elbon, Stroll və Pyer  Qasli.

Sabah bizi maraqlı yarış gözləyir. Formula 1 üzrə Niderland yarışı Bakı vaxtı ilə 17:00-da başlayacaq.

 

Rauf Hacıyev

Şərh əlavə et