Mövsümün ilk yarısı çox həyəcanlı keçmişdi. Düzdür, ilk 5 yarışın 4-də Red Bull komandası Maks Ferstappenlə qalib gəldikdən sonra hər kəs düşünürdü ki, hər şey keçənilki kimi olacaq və Maks yenə ardıcıl qələbələrlə çox rahat çempionluq qazanacaq. Lakin elə olmadı.
Mayami Qran Prisindən bəri son 9 yarışda azarkeşlər 4 fərqli komandanın və 6 fərqli pilotun qələbəsinə şahidlik etdilər. Son 9 yarışda Ferstappen 3, Həmilton 2, Lekler, Rassell, Norris və Piastri hərəyə 1 qələbə qazanıblar. Bu da onu göstərir ki, qalan 10 yarışda biz çox həyəcanlı mübarizəyə şahid ola bilərik.
Əslində Niderland Qran Prisinin başlanğıcı bizə göstərdi ki, bizi maraqlı həftəsonu gözləyir. Birinci sərbəst yürüşlərdən sonra Lando Norris, ikinci sərbəst yürüşlərdən sonra isə Corc Rassell hamıdan öndə idi. Ümumilikdə McLaren və Mercedes komandaları hələki sürətli görünürlər. Red Bull komandasında isə Maks Ferstappen bu iki komanda ilə mübarizə aparmağa ən real namizəd kimi görünür.
McLaren komandası Niderlanda ən çox yenilik gətirən komandadır. “Narıncılar” Zandforta yeni ön əyləc kəfkiri, ön asılqan, altlıq kənarı, arxa asılqan, arxa qanad, tarazlayıcı qanad yenilikləri ilə gəliblər. Britaniya təmsilçisi son dəfə Mayamiyə belə böyük yenilik palketi gətirmişdi və o yarışda Lando Norris qalib gələrək, karyerasının ilk qələbəsini bayram etmişdi. Bəs bu həftəsonu? Sərbəst yürüşlərdən sonra onu deyə bilərəm ki, nə Norrisin nə də Piastrinin işi asan olacaq. Onlar qələbə qazanmaq istəyirlərsə, Mercedes sürücülərinə və Maks Ferstappenə qarşı diqqətli olmalıdırlar.
Mercedes komandası isə Zandforta heç bir yenilik gətirməsə də, yenə də sürətli görünürdü. Son 4 yarışın üçündə qalib gəlmiş “gümüşü oxlar” zanbaqlar ölkəsində də qələbə istəyirlər. Özü də Zandfort trası Lyuis Həmiltonun qalib gələ bilmədiyi nadir traslardandır. Qaradərili sürücü Niderlanddakı uğursuz seriyasına son qoya biləcək?
Keçək yerli qəhrəmanımız Maks Ferstappenə. Niderlandlı sürücü Zandfortda yarışanda elə bil ki, ona ilahi bir qüvvə gəlir. 26 yaşlı pilot Zandfort təqvimə qayıtdıqdan sonra burada keçirilən hər 3 yarışda da qalib gəlib. Lakin son 3 ilin Dünya çempionunun işi bu il heç də asan olmayacaq. O, qələbə üçün sözün əsl mənasında əziyyət çəkməli və tərləməlidir.
Gördüyünüz kimi bütün komandalar bir-birlərinə yaxındırlar. Buna görə də dar və boldöngəli Zandfortda bugünkü sıralanma turları həftəsonu üçün çox vacib olacaq. Sıralanma turu Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
Şərh əlavə et