Kokpit.az bildirir ki, ikinci sessiya birinci sessiyadan fərqli olaraq quru havada, amma küləkli .əraitdə başlayıb. Altmış dəqiqəlik sessiyanın başlaması ilə sürücülər yavaş-yava. pit yolunu tərk edərək trasa çıxıblar. Birinci trasa çıxan sürücü Alpine komandasından Pyer Qasli olub.
Bir neçə dəqiqədən sonra Mercedes komandasının sürücüsü Corc Rassell gözlənilmədən təkərlərini bloklayaraq çınqıllığa düşüb. Daha sonra eyni formada Red Bull komandasının sürücüsü Serxio Peres də trasdan çıxıb.
Sərbəst yürüşlərin bitməsinə 43 dəqiqə qalmış Haas komandasından Niko Hülkenberq trasın ilk döngəsində bariyerlərə çırpılaraq, sessiyada qırmızı bayaraqların çıxmasına səbəb olub. Hülkenberq radiodan komandasına bildirib ki, arxa tərəfin əyləcləri tamamilə kilitlənib.
Sürücülər yenidən trasa çıxdıqlarında qırmızı loqolu təkərləri seçiblər və onlar sektor zamanlarını yaxşılaşdırmağa başlayıblar. McLaren komandasının sürücüsü Oskar Piastri 1.10.763 zaman nəticəsi ilə komanda yoldaşı Lando Norrisi 0.198 saniyə qabaqlayıb və zirvəyə oturub. Daha sonra Mercedes komandasının sürücüləri trasa çıxıblar və liderlik əl dəyişib. Belə ki, Corc Rassell 1.10.702 zaman nəticəsi ilə liderliyi alıb.
Bu anda trasa çıxmayan yeganə sürücü sürət qutusunda problem yaşayan Karlos Sayns olub. İspaniyalı sürücü sessiyanın qalanında trasa çıxmayıb.
Daniel Rikkardo, Quanyu Çjou, Ləns Stroll və Aleks Elbon pit bölgəsindən təhlükəli çıxdıqları üçün stüardlar onları qeyd ediblər.
Sessiyanın qalan dəqiqələri sakit keçib. Corc Rassell 1.10.702 zaman nəticəsi ilə günü zirvədə bağlayıb. Oskar Piastri ondan 0.061 saniyə geridə qalaraq, ikinci olub. Lyuis Həmilton 0.111 saniyə geridə qalaraq, üçüncü yeri tutub.
Lando Norris 0.259 saniyə geridən dördüncü olub. Çempionatın lideri Maks Ferstappen isə beşliyi bağlayıb.
Onluğu isə müvafiq olaraq Fernando Alonso, Yuki Tsunoda, Kevin Maqnussen, Şarl Lekler və Aleks Elbon tamamlayıblar.
Şərh əlavə et