Xəbəri Kokpitdə Oxuyun!

RB komandası mövsümdən nə gözləyir?

RB komandasının sürücüləri yay tətilini necə dəyərləndirdiklərini və mövsümün ikinci yarısından gözləntilərini açıqlayıblar.

Kokpit.az xatırladır ki, Formula 1 Belçika yarışından sonra üçhəftəlik tətilə girmişdi. Yay tətili sona çatır və bu həftəsonu Niderland Qran Prisi ilə mövsümün ikinci yarısına start verilir.

RB komandası mövsümün ilk hissəsində qeyri-stabil performans göstərmiş və gətirdikləri yeniliklərdən istədikləri faydanı ala bilməmişdilər. Bəs mövsümün ikinci yarısı RB üçün necə keçəcək? RB komandasının sürücüləri bu barədə açıqlama veriblər.

Daniel Rikkardo: “Yay tətilim əla keçdi. Avstraliyaya qayıdıb bəzi dostlarımı və ailəmi gördüm. Buna görə də özümü yenilənmiş, formada və sağlam hiss edirəm.

Zandforta geri qayıtmaq üçün səbirsizlənirəm. Keçən il bu trasda mövsümün gedişi tamamilə dəyişmişdi. Ancaq Oskarla qəza edənə qədər trasdan doğrudan da həzz alırdım. Bolid onda çox yaxşı idi.

Tətildən əvvəl tempimiz yaxşı idi və əminəm ki, qaldığımız yerdən davam edəcəyik. Qətiliklə deyirəm ki, xallar üçün mübarizə apara bilərik”.

Yuki Tsunoda isə fikrini belə ifadə edib: “Tətildən həzz aldım və indi yenidən yarışmağa hazıram. Yaponiyaya qayıtdım və ailəmlə, dostlarımla vaxt keçirməkdən həzz aldım. Belə tətil mövsüm ərzində adamın əlinə həmişə düşmür.

Daha sonra İtaliyaya qayıtdım və çoxlu velosiped sürdüm. Hətta su xizəyi ilə də məşğul oldum. Məşq proqramı tərtib etdim.

İndi növbə Zandforta gəldi. Dar və bol döngəli trasdır. Yoxuşa qalxan döngələri ilə bənzəri olmayan meydan oxumadır.

Mövsümün ilk yarısını yaxşı keçirdik. Buna görə də tempimizi davam etdirmək istəyirəm”.

Qeyd edək ki, RB komandası mövsümün ilk yarısından sonra 34 xal toplayıb və Mühəndislər Kubokunda 6-cı yerdədir. İtalyanlar özlərindən əvvəl gələn Aston Martin-dən 39 xal geridədirlər. Özlərindən sonra gələn Haas komandasından 7 xal öndədirlər.

Rauf Hacıyev

Şərh əlavə et