Xəbəri Kokpitdə Oxuyun!

S.Peres: Mövsümün ikinci yarısına hazıram

Red Bull komandasının sürücüsü Serxio Peres bildirib ki, mövsümün ikinci yarısı üçün hazırdır və mümkün qədər ən yaxşı nəticələri almaq istəyir. 

Kokpit.az xatırladır ki, meksikalı sürücü Çin yarışından sonra podium üzünə həsrət qalıb və son 9 yarışda cəmi 45 xal toplaya bilib. Çeko hazırda Sürücülər Çempionatında yeddinci yerə qədər geriləyib. Hətta Serxionun Red Bull-dan qovulacağı ilə bağlı şayiələrə də artmışdı, lakin sonda komanda onu saxlamaq qərarına gəlmişdi. 

Serxio Peres bildirib ki, o yay tətilində yaxşı istirahət edib və mövsümün ikinci yarısı üçün tamamilə hazırdır: “Yay tətili komandadakı və çempionatdakı hər kəs üçün çox vacib idi, çünki hazırda təqvimdə çox yarış var. Buna görə də hamının dincəlməyə və özünə gəlməyə həmişəkindən çox ehtiyacı var.

Tətili Meksikadakı evimdə ailəmlə birlikdə keçirdim. Çox yaxşı dincəldim və indi mövsümün ikinci yarısı üçün hazıram. Bu həftə Red Bull-un Milton Kindəki bazasına getdim və oradakı işçilərlə görüşdüm. Mövsümün ikinci yarısı üçün özümü yaxşı hiss edirəm.

Zandfortda komandanın radio danışıqlarını dinləyən hər kəs bəzi dəyişikliklərin olduğunu hiss edəcək. Yarış mühəndisim Hyu Börd tezliklə ata olacaq. Buna görə də evdə qalmalı oldu. Ona hər şeyin ən gözəlini arzu edirəm.

Növbəti yarışlardan bolidimizdən nələr gözləyəcəyimizi bilirəm. Mövsümün ikinci yarısında onu yaxşılaşdırmaq üçün əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq”.

Qeyd edək ki, Hyu Börd 2021-ci ildən Serxio Peresin yarış mühəndisidir. O, növbəti dörd yarışda atalıq məzuniyyətinə çıxacaq. Zandfort, Montsa, Bakı və Sinqapur yarışlarında Çekonun yarış mühəndisi Riçard Vud olacaq.

 

 

 

Rauf Hacıyev

Şərh əlavə et