Xəbəri Kokpitdə Oxuyun!

M.Ferstappen vətənində qazanmaq istəyir

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, mövsümün ikinci yarısı üçün çox həyəcanlıdır.

Kokpit.az xatırladır ki, niderlandlı sürücü mövsümə çox yaxşı başlamış və ilk 5 yarışdan 4-də qalib gəlmişdi. Lakin sonradan işlər bir az çətinləşmiş, nəticədə 26 yaşlı pilot son 4 yarışın sadəcə 1-də podium görə bilmişdi.

İndi isə növbədə Üçqat Dünya Çempionunun ev yarışı Niderland Qran Prisi var. Zandfort trası 2021-ci ildə Formula 1 təqviminə qayıtdıqdan sonra Maks Ferstappen burada məğlubedilməz olub və hər 3 yarışda da rahatlıqla qalib gəlib. Ancaq bu il McLaren və Mercedes komandalarının performanslarını nəzərə alsaq, Maksın işi elə də asan olmayacaq.

Buna baxmayaraq Maks Ferstappen mövsümün ikinci yarısına hazır olduğunu deyib: “Yay tətilində ailəm və dostlarımla vaxt keçirmək gözəl idi. İndi isə mövsümün ikinci yarısına tam yenilənmiş vəziyyətdə gəlirəm.

Mövsümün ikinci yarısının ölkəmdə başlaması gözəldir. Orada həmişə əla ab-hava və inanılmaz azarkeşlər olur. Buna görə də mənim üçün xüsusi yarış olacaq. Tras gözəl olsa da, dardır və düzlüklər çox qısadır. Ümid edirəm ki, tətildən sonra öz performansımıza daha çox inanaraq yarışa bilərik. Hal-hazırda bu həftəsonu üçün hazırlanmağa davam edəcəyik. Ümid edirəm ki, yarışı qazanmaq üçün mübarizə apara bilərik”.

Qeyd edək ki, Maks Ferstappen hazırda çempionatın lideridir və ən yaxın rəqibi Lando Norrisi 78 xal qabaqlayır.

Rauf Hacıyev

Şərh əlavə et