Xəbəri Kokpitdə Oxuyun!

Azərbaycanda ilk: Formula Drift yarışı

Gələn ay ölkəmizdə avtoidman bayramı olacaq. Bakımızda avtoidman yarışlarının şahı sayılan Formula 1-dən başqa Formula Drift yarışı da keçiriləcək. Təlim və Məşq Mərkəzində döngələr çempionları təyin edəcək.

Kokpit.az bildirir ki, Formula Drift yarışı ölkəmizdə ilk dəfə təşkil olunacaq. Yerli sürücülərimizin çıxış edəcəyi yarış Nərgiz Fondunun və Azərbaycan Avtomobil Federasiyasının dəstəyi ilə keçiriləcək və  sentyabr ayının 7 və 8-də baş tutacaq. Burada izləyicilər azərbaycanlı drift pilotlarının məharətlərindən savayı konsert proqramından həzz alacaqlar və müxtəlif viktorinalarda iştirak edərək hədiyyələr qazanacaqlar.

Yarışın münsifləri isə xarici ölkələrdən dəvət olunacaqlar. Bu yarış ildə dörd dəfə keçiriləcək və ən çox xal qazanan sürücü Formula Drift üzrə Azərbaycan Çempionu tituluna yiyələnəcək. Çempion sürücü isə Beynəlxalq Avtomobil Federasiyasının (FİA) təşkil etdiyi Dünya Finalında iştirak edəcək.

Yarışın ilk günündə – sentyabrın 7-də sərbəst yürüşlər və kvalifikasiya mərhələsi baş tutacaq. İkinci gündə isə – sentyabrın 8-də tandem məşqlər və yarış keçiriləcək.

Yarışla yanaşı bu tədbirdə yeni və klassik avtomobillərin sərgisi, övladlarınızla vaxt keçirə biləcəyiniz əyləncə guşələri və Nargis Fondunun təşkilati dəstəyi ilə xüsusi yemək və əyləncə zonaları olacaq.

İndi isə Formula Drift barədə ümumi məlumatları sizə çatdırırıq

Formula Drift nədir?

Formula D və yaxud “FD” kimi də tanınan Formula DRIFT, ABŞ-da keçirilən “Tandem Drift” formatlı yarışdır. Bu yarış növü ABŞ-da 2003-cü ildən etibarən keçirilir və geniş izləyici kütləsinə sahibdir.

Hakimlər

Yarışın hakimləri isə illərdir beynəlxalq səviyyəli yarışlarda – Drift Masters, Formula Drift, Red Bull Car Park Drift iştirak edərək nailiyyətlər əldə etmiş və FIA tərəfindən təsdiqlənmiş sertifikatları mövcud gürcüstanlı pilotlardır. Bu hakimlər Nodo Kodua, İrakli Şalikaşvili və Qiqa Kalandia olacaqlar.

İştirakçılar

Yarışda Azərbaycanın peşəkar drift sürücüləri sözün əsl mənasında tozu dumana qatacaqlar. Sizə onların siyahısını təqdim edirik.

  • ⁠Elvin Xudaverdiyev
  • ⁠Hamlet Fərəcov
  • ⁠Niyaz Bədiyev
  • ⁠Elçin Məmmədov
  • Rauf Dadaşzadə
  • ⁠Rauf Bədiyev
  • ⁠Orxan Abdullayev
  • Gülhüseyn Abdullayev
  • ⁠Amin Səfiquliyev
  • ⁠Xəyal Ağcabəyli
  • Rişad Kərimov
  • ⁠Adil Axundov
  • ⁠Kamil Babayev
  • ⁠Rəhman Şıxəliyev
  • Rəhman Hüseynov
  • Mövsüm Xudaverdiyev
  • Rüstəm Qarayev

Mükafatlar

Tədbirin sonunda iştirakçılar mükafat əldə edəcəklər.

1-ci yer – 3000 AZN
2-ci yer – 2000 AZN
3-cü yer – 1000 AZN

Qaliblərə həmçinin kubok və medal təqdim olunacaq.

Konsert Proqramı

Tədbirdə xüsusi ayrılmış zonada səhnə quruluşu olacaq. Burada isə tanınmış musiqi qrupları və digər tanınmış müğənnilər öz çıxışlarını edəcəklər.

Rauf Hacıyev

Şərh əlavə et