Xəbəri Kokpitdə Oxuyun!

Yeni Audi RS3 təqdim edilib

Məhz ötən aylarda Audi kamuflyajlı RS3 prototipi ilə Nürburqrinqdə “ən sürətli kompakt avtomobil” titulunu almağı bacarmışdı. Təbii ki, hamımız modelin təqdimatını çoxdan gözləyirdik. Orta yaş böhranından qaçmaq üçün makiyajlanan model nəhayət, rəsmi olaraq təqdim edilib.

Yeni RS3-ün radikal dəyişikliklərə məruz qaldığını söyləmək çətindir. Ön barmaqlıqdakı dəyişikliklərlə yanaşı, makiyaj əməliyyatı özü ilə daha çox hava ventilyasiyasını da gətirib. Artıq aqressiv görünən model bu yeni dəyişikliklərlə daha sərt görünüş qazanıb. Audi bu dizaynın 1987-ci il Quattro S1 Pikes Peak-dən ilhamlandığını söyləsə də, biz çox əlaqə görmürük…

Arxa hissədəki stop dəstinin qrafikləri yenilənib. Aerodinamikanı artırmaq üçün yeni diffuzor da sizin ixtiyarınızdadır. Palitraya əlavə edilən 2 yeni rəng variantı ilə yanaşı, Audi ilk dəfə Daytona Grey rəngində RS3-ü də satacaq. Barmaqlıq, diffuzor və 19 düymlük təkər diskləri tutqun qara rəngdədir. İstəsəniz, jantları RS3 Performance Edition versiyaları ilə əvəz edə bilərsiniz – bu, parlaq qara təkərlərin rəngini seçməyə imkan verir.

Salondakı ən böyük dəyişiklik istəkdən asılı olaraq, karbon lifli yarış oturacaqlarıdır. Kənarları Nappa dərisi ilə üzlənmiş bu oturacaqlar avtomobillərini tez-tez trasa aparacaq istifadəçilər üçün idealdır. Daha çox adi günlərə üstünlük verən istifadəçilər Nappa dərisi ilə üzlənmiş standart oturacaqları da seçə bilərlər.

İnteryerdəki mühüm dəyişikliklərdən biri də sükan çarxıdır. Dizaynı tamamilə dəyişdirilən sükan qırmızı düymələri və yerləşdirmə zolağı ilə diqqət çəkir. Üst və alt hissələrdə düzəldilmiş və tam yarışçı atmosferinə malik sükan tək bir düymə ilə müxtəlif sürmə rejimlərinə daxil olmağa imkan verəcək.

Sürmə rejimlərindən söz düşmüşkən, gəlin RS3-ün performansına nəzər salaq. Model ailəsi 5 silindrli mühərriklərini saxlayır. 2.5 TFSI mühərriki hələ də 400 at gücü və 500 Nm fırlanma anı hasil edə bilər. Avtomobilin 0-100 km/saata sürətlənməsi 3,4 saniyədən 3,8 saniyəyə yüksəlib (bəli, düz oxudunuz). Maksimal sürət isə 290 km/saat müəyyən edilib.

“Dərinin altında” daha diqqətəlayiq dəyişikliklər var. Məsələn, RS3 indi çox daha xüsusi aktiv asma sisteminə malikdir. Bu inkişaf etdirilən sistem sayəsində RS3 sürüş zamanı daha yaxşı reaksiya verə bilir. Bu kifayət deyilmiş kimi, alman mühəndisləri avtomobilin “səsini” də yeniləyiblər.

Audi-nin press-relizinə görə, yeni RS3 2200-3500 rpm arasında daha dolğun mühərrik səsi vermək üçün nəzərdə tutulub. RS rejiminə keçdiyiniz zaman bu səs daha da qulaqoxşayan olur. Audi Almaniyada RS3 Sportback modelini də təqdim edib. Öncədən 66 min avroya sifariş verilə bilən modelin qiyməti sedan variantı üçün 68 min avroya yüksəlir.

Elçin Zodorov

Şərh əlavə et