Kokpit.az xatrıladır ki, Lyuis Həmilton növbəti mövsüm Mercedes komandasını tərk edərək Ferrari-yə keçməyə hazırlaşır. Onun yerinə çox sürücünün adı hallansa da, hazırda ən böyük favorit Mercedes gənc sürücü proqramının yetirməsi Kimi Andrea Antonellidir.
İtalyan sürücü hazırda Formula 2-də yarışır və o, bir yarış qazanaraq turnir cədvəlində yeddinci yerdə qərarlaşıb.
Mercedes komandasının rəhbəri Toto Volff 2014-cü ildən Maks Ferstappeni əlindən qaçırdıqdan sonra ehtiyatlı davranır və buna görə də gənc italyanı əlindən buraxmaq istəmir. Buna görə də Antonelli artıq bir neçə dəfə Mercedes-in köhnə Formula 1 maşınlarında test edib.
Hazırda Formula 2 komandalarından olan Prema-da çıxış edən Antonelli Red Bull Rinqdə W12 ilə, İspaniyada W13 ilə ilə və son olaraq SPA-da yenə də W13 ilə testlər keçirib.
18 yaşlı Kimi Antonelli Maks Ferstappendən sonra ən böyük istedad kimi görünür və növbəti mövsümdə “gümüşü oxlar”ın heyətində çıxış etməsi gözlənilir.
Formula 1 şərhçisi Aleks Jak bu barədə Formula 1 rəsmi səhifəsində bunları yazıb: “Toto Volff Kimi Antonellini erkən yaşlarında Formula 1-ə gətirməkdə çox qərarlıdır. Volff gənc italyanı sadəcə bir sürücü kimi görmür, ona həm də yenidən dünyaya gəlmək gözü ilə baxır.
Toto 2014-cü ildə Maks Ferstappeni əlindən qaçırmışdı və niderlandlı sürücü qələbələr qazandıqca o, həmişə peşman olur. Toto 2021-ci ilin mart ayından bəri Maks Ferstappenin 51 qələbəsini izləyib. Buna görə də başqa istedadlı sürücü olan Kimini əlindən qaçırmamağa qərarlıdır. Volffun Antonelli ilə bağlı ciddi fikirləri var və bu hal digər komandaların gənc sürücüyə olan marağını ortadan qaldırır”.
Şərh əlavə et