Xəbəri Kokpitdə Oxuyun!

Williams iki layihəni birləşdirir

Williams komandası 2026-cı ilə köklənmədən əvvəl 2024 və 2025-ci illər maşınlarını bir layihədə birləşdirmək istəyir. 

Williams komandasının Performans Rəhbəri Deyv Robson düşünür ki, 2024-cü il maşını üçün gətirdikləri yeniliklərin gələnilki maşın üçün yaxşı təməl olacaq.

Kokpit.az bildirir ki, Britaniya təmsilçisi bu il keçənilki performansını göstərməkdə çətinlik çəkir və builki maşın əvvəlki illərə baxanda çox ağırdır. Bunun da əsas səbəbi komandanın qış aylarında maşının bazasını inkişaf etdirmək istəməsi olub.

Williams komandası gətirdiyi yeniliklərdə tez inkişaf etməyi hədəfləsə də, Formula 1-in aerodinamik boruda və büdcədə gətirdiyi məhdudiyyətlər buna maneə olur. Buna görə də resurslar strategiya ilə istifadə olunmalıdır.

Növbəti 18 ay 2026-cı il reqlamentinə keçidə görə daha qarışıq olacaq və buna görə də komandalar yeni reqlamentdəki maşında üstünlük qazanmaq üçün 2025-ci il maşınlarını fəda edə bilərlər.

Deyv Robson: “Bu çətin iş barədə uzun müddətdir ki, müzakirə aparırıq. 2026-cı il üçün bəzi ünsürləri indidən düşünməyə başladıq. Aero tərəfində məhdudiyyətlər olsa da, başqa halları nəzərdə saxlaya bilərik. Bu proses artıq başlayıb.
FİA-dan aldığımız texniki direktivlərdən sonra bir az aero üzərində işləyə bildik. Bunun hesabına reqlamenti anlaya bilirik. Belə olan halda hamının 2026-cı il üzərində işləməsi həmişə faydalıdır.
Ancaq resursları balanslamaq sadəcə bu günü yox, növbəti bir neçə ili də əhatə edəcək. Buna görə də çətin olacaq. Bu hal hamı üçün keçərlidir və əminəm ki, əksər komandalar 2026-cı ilə çox sürətli şəkildə köklənəcək. Buna görə də növbəti mövsümdə komandaların nə edəcəyini görmək maraqlı olacaq”.
Deyv Robson bu prosesin necə planlaşdırılacağına aid suala belə cavab verib: “Növbəti ilin əvvəlində 2026-cı ilin maşını aerodinamik borudan qısa müddətliyinə çıxacaq. Bundan sonra biz FW47-ni – 2025-ci ilin maşınını bir ya da ikigünlük istifadə etmək şansı tapacağıq. Bu planı tətbiq etməyi düşünürük. 2026-cı il proqramını riskə atmadan performansı artırmağa başqa yol tapsaq, bunu mütləq dəyərləndirəcəyik.
Amma məncə, bu proses ilin əvvəlində çox sürətlə tamamlanacaq. 2026-cı ilin bolidinə resurs və büdcə cəhətdən tamamilə fokuslana biləcəyik”.
İlin əvvəlində 2026-cı ilin maşınına köklənmək planını qurduqdan sonra 2024 və 2025-ci il layihələrini birləşdirmək olar. Bununla da inkişaf cəhətdən qazancı ən yüksək səviyyəyə çıxarmaq olar. Deyv Robson təsdiq edib ki, bu ehtimalı dəyərləndirirlər.
Deyv Robson: “Bu proses çox maraqlı oldu, çünki builki maşın ilə gələnilki maşını demək olar ki, eyni layihənin içində görə bilərsiniz. İşlər növbəti ilin əvvəlində tamamlanacaq və daha sonra maşınla yarışmaqdan başqa çox dəyişiklik edilməyəcək. Buna görə də ilin sonuna doğru böyük yeniliklər gətirməyi planlaşdırmışıq. Bu yeniliklər ən azından növbəti ilin maşınının təməlini əmələ gətirəcək və ona ilham verəcək.
Bununla da yükün bir hissəsini azalda bildik. FW47-nin üzərində işin bir hissəsini önə çəkdik. Buna görə də 2026-cı ilin maşınına ən qısa zamanda fokuslana biləcəyik”.

Rauf Hacıyev

Şərh əlavə et