Xəbəri Kokpitdə Oxuyun!

Xorxe Martin Avstriyada sürətli başlayıb

MotoGP üzrə Avstriya Qran Prisinin birinci sərbəst yürüşləri geridə qalıb. GasGas komandasının sürücüsü Pedro Akosta qəza etdiyi üçün sessiya müvəqqəti olaraq qırmızı bayraqlarla dayandırılıb.

Kokpit.az bildirir ki, Xorxe Martin sessiyanı zirvədə bağlayıb. İkinci yeri isə onun komanda yoldaşı Franko Morbidelli tutub.

Tech3 GasGas komandasının sürücüsü Pedro Akosta sessiyanın sonlarında döngədə ciddi qəza edib və qırmızı bayraqların çıxmasına səbəb olub. Buna baxmayaraq, gənc sürücü heç yaralanmadan qəzadan qurtula bilib.

Qısa fasilədən sonra sessiya yenidən başlayıb. Ancaq 200 saniyə vaxt qaldığı üçün sürücülər nəticələrini yaxşılaşdıra bilməyiblər.

Çempionatın lideri Xorxe Martin Akostanın qəzasından bir az əvvəl ən sürətli dövrəni vurub. O, 1.29.654 zaman nəticəsi ilə Franko Morbidellini 0.2 saniyə qabaqlayıb və liderliyi təmin edib.

Sessiyanın əvvəllərində isə KTM sürücüləri sözün əsl mənasında qan ediblər. Akosta 1.30.876, Bred Binder isə 1.30.236 zaman nəticəsi əldə edib.

KTM-ə biryarışlıq qayıdan Pol Esparqaro RC16-nın test versiyası ilə 90 saniyənin altına düşən ilk sürücü olub.

15 dəqiqədən sonra Franko Morbidelli Ducati GP24-ü ilə 1.29.872 zaman nəticəsi göstərib və KTM-in hegemonluğuna son qoyub. İtalyan sürücünün bu nəticəsini son 5 dəqiqəyə qədər heç kim yaxşılaşdıra bilməyib. Lakin sonlarda Xorxe Martinin Soft təkərlərlə atdığı dövrə lideri müəyyənləşdirib.

Üçüncü yeri KTM-i ilə Pol Esparqaro tutub. Son iki ilin Dünya Çempionu Françesko Banyaya isə dördüncülüyə razı olub. Bred Binder beşinci, qəza edən Pedro Akosta altıncı yeri tutub. Aleş Esparqaro isə KTM-i ilə yeddinci yeri tutub.

Səkkizinci yeri VR46-sı ilə Fabio Di Canantonio tutub. Honda sürücüsü Xoan Mir isə heç kimin gözləmədiyi anda doqquzuncu yeri tutub. Onu Qresini komandasından Aleks Markes izləyib.

Mark Markes tras limitlərini aşdığı üçün ən yaxşı nəticəsi ləğv edilib və 18-ci yeri tutub. Yamaha komandasından Aleks Rins 1.30..482 zaman nəticəsi ilə 13-cü olub. Onu 2021-ci ilin Dünya Çempionu Fabio Kuartararo izləyib.

Rauf Hacıyev

Şərh əlavə et