Xəbəri Kokpitdə Oxuyun!

Banyaya sözün əsl mənasında uçub

MotoGp üzrə Avstriya Qran Prisinin ikinci sərbəst yürüşləri başa çatıb. Son Dünya Çempionu Françesko Banyaya dövrəvi rekord edərək, günü birinci yerdə bağlayıb. Onu Franko Morbidelli və Xorxe Martin izləyiblər. 

Kokpit.az bildirir ki, italyan sürücü sessiay başlayandan cəmi 5 dəqiqə sonra birinci sərbəst yürüşlərdəki dövrəvi nəticəni yaxşılaşdırıb. İkiqat Dünya Çempionu 1.29.637 zaman nəticəsi ilə zirvəyə yüksəlib. Onu çempionatdakı ən yaxın rəqibləri Xorxe Martin və Mark Markes izləyiblər.

Lakin Banyaya daha da qızışıb və 1.29.280 zaman nəticəsi ilə rəqiblərinə 0.3 saniyə fərq atıb. Onun bu dövrəvi nəticəsi uzun müddət əlçatmaz olaraq qalıb. Lakin sessiyanın sonlarında Xorxe Martin Soft təkərlərlə 1.28.917 zaman nəticəsi ilə zirvəyə oturub.

Ancaq sonda zirvəyə yenə Françesko Banyaya oturub. Pekko ləqəbli sürücü 1.28.508 zaman nəticəsi ilə rekorda imza atıb və günü zirvədə tamamlayıb. Fran Morbidelli ikinci, Xorxe Martin isə lider Banyayadan 0.3 saniyə geridə qalaraq üçüncü olub. Markes dördüncülüyə razı olub. KTM-dən Bred Binder 1.28.969 zaman nəticəsi ilə beşliyi bağlayan sürücü olub.

Gresini komandasından Aleks Markes 89 saniyədən aşağı düşə bilməyib və 6-cı olub. Aprilia komandasının iki sürücüsü Aleş Esparqaro və Maverik Vinyales müvafiq olaraq 7 və 8-ci yerləri tutublar.

Marko Bezzekki VR46-sı ilə 9-cu, Enea Bastianini ikinci döngədə yıxılmasına baxmayaraq 10-cu yeri tutub. Tech3 GasGas komandasının sürücüsü Pedro Akosta isə üç dəfə yıxılaraq 11-ci yeri tutub və sıralanma turuna birbaşa ikinci sessiyadan başlama şansını az fərqlə qaçırıb.

KTM komandasından Cek Miller sessiyanın böyük hissısində ilk beşlikdə olsa da, günü 12-ci yerdə bağlayıb. Dünya Çempionu Fabio Kuartararo isə 13-cü yerlə razılaşıb.

 

Rauf Hacıyev

Şərh əlavə et