- 1967-ci il İtaliya Qran Prisi – Cim Klark
Formula1 tarixinin ən böyük əfsanələrindən biri sayılan Cim Klark idman tarixinin bəlkə də, ən böyük geri dönüşünü 1967-ci ildə etmişdi.
Britaniyalı sürücü İtaliya yarışına pouldan başlamışdı. 12-ci dövrəyə qədər yarışı birinci yerdə aparan Klarkın birdən təkəri partlamış və pitə girməli olmuşdu. Lakin pitdən çıxdıqdan sonra Klark birinci yerdən 1 dövrə geridə qalırdı. Amma ikiqat Dünya Çempionu təslim olmayaraq mübarizə aparmağa davam etmiş və 60-cı dövrədə yenidən liderliyə yüksəlmişdi. Lakin sonuncu – 68-ci – dövrədə yanacağı bitdiyi üçün Klark üçüncülüyə razı olmuşdu. Amma sonradan məlum olmuşdu ki, əslində yanacaq bitməyib. Problem isə yanacaq pompası ilə əlaqəli idi.
- 1983-cü il ABŞ Qran Prisi – Con Uotson
Bu geridönüş Formula1 tarixində hələ də rekord olaraq qalır. Belə görünür ki, bu mövsüm də bu rekordu heç kim yeniləyə bilməyəcək. Çünki bunun olması üçün çempionatda ən az 11 komanda iştirak etməlidir.
Hər şey sıralanma turunda başladı. Poulu fransalı Patrik Tambe qazanmışdı. İkinci yerdə isə yerlisi Rene Arno idi. Lakin bizim qəhrəmanımız olan Con Uotson yarışa 22-ci yerdən başlayacaqdı. Amma britaniyalı sürücü rəqiblərinin problemlərindən yararlanaraq, yarışı 1-ci yerdə bitirmişdi. Bu yarışda ikiqat Dünya Çempionu Niki Lauda da 23-cü yerdən start alaraq, finişə ikinci çatmış və geridönüş edən başqa bir sürücü olmuşdu.
- 1995-ci il Belçika Qran Prisi – Mixael Şumaxer
Bu dəfəki qəhrəmanımız Formula1 tarixinin ən titullu sürücüsü olan Mixael Şumaxerdir.
Formula1 üzrə yeddiqat Dünya Çempionu 1995-ci ildə titula əsas namizədlərdən biri idi. Lakin almaniyalı sürücü Belçika Qran Prisinin sıralanma turunda 16-cı yeri tutmuşdu. Amma bəxt Şumaxerin yanında idi. Onsuz da bəxt həmişə güclünün yanında olur.
Əvvəlcə yarışda birinci yerdə gedən Coni Herbert yerində fırlanaraq geriyə düşdü. Liderlik isə Jan Aleziyə keçdi. Lakin fransalı sürücü də texniki problem yaşayaraq, mübarizəni vaxtından əvvəl dayandırmalı oldu. Yarışın yeni lideri Devid Kulthard oldu. Ancaq yarış tanrıları sanki Şumaxerin qələbəsini istəyirdilər. Belə ki, şotlandiyalı sürücü də mübarizəni dayandıranlar sırasına qoşuldu.
Liderliyə Deymon Hill yüksəldi. Amma bu anda yağışın başlaması ilə britaniyalı sürücü pitə yollandı və yağış təkərlərini götürdü. Pitə girməyən və quru təkərlərlə yarışa davam edən Şumaxer liderliyə yüksəldi. Yaş trasda yağış təkərləri ilə daha sürətli olan Hill rəqibi Şumaxerə çatıb sağlı-sollu hücumlar etsə də, 6 dövrə ərzində rəqibini keçə bilmədi. Daha sonra isə Hill 10 saniyə dayan və get cəzası alaraq, yarışda ikinciliyə razı oldu. Mixael Şumaxer isə mükəmməl geridönüş edərək, karyerasının ikinci Dünya Çempionluğuna bir az da yaxınlaşmış oldu.
- 2000-ci il Almaniya Qran Prisi – Rubens Barrikello
Bu yarış bəlkə də Formula1 tarixinin ən unudulmaz yarışlarından biridir. Düşünürəm ki, 50 il sonra da insanlar bu yarış barədə danışacaqlar.
Rubens Barrikello sıralanma turunda 18-ci yeri tutduqdan sonra Rubens özü də inanmazdı ki, yarışı qazana bilər. Lakin, braziliyalı sürücü böyük əzmkarlıq nümayiş etdirərək, əvvəlcə 3-cü yerə qədər yüksələ bilmişdi. Amma yarışın sonlarına yaxın Mercedes-dən qovulmuş bir işçinin şirkəti boykot edib, trasa düşməsi ilə təhlükəsizlik maşını trasa çıxmış və Barrikello ilk iki yerdə gedən Həkkinen və Kultard ilə fərqi bağlamışdı. Lakin, hadisələr bununla yekunlaşmadı. Yarışın sonlarına yaxın güclü yağış başladı. Həm Həkkinen, həm də Kulthard yağış təkərlərinə keçsə də, Barrikello yarışa quru hava təkərləri ilə davam etməyə qərar verdi və 18-ci yerdən başladığı yarışda liderliyə yüksəldi. Yağış trasın bir hissəsini yağdığı üçün Barrikello aradakı fərqi qoruyaraq, karyerasının ilk qələbəsini qazanmış oldu. Rubensin bu qələbəsinin digər maraqlı cəhəti isə əfsanəvi Ayrton Sennadan sonra yarış qazanmış ilk braziliyalı sürücü olması idi. Barrikello podiumda göz yaşlarını saxlaya bilmirdi.
Yarışda bir başqa geridönüşü isə yarışa sonuncu yerdən başlayan, ancaq yekunda 4-cü olan Censon Batton etmişdi.
- 2005-ci il Yaponiya Qran Prisi – Kimi Rəykkönen
2005-ci ilin Yaponiya Qran Prisində diqqət mərkəzinə düşən 3 sürücü var idi – Mixael Şumaxer, Fernando Alonso və Kimi Rəykkönen. Şumi yarışa 14-cü, Alonso 16-cı və Kimi 17-ci yerdən başlayırdı. Şumaxer həmin gün gözəl müdafiə olunmağı ilə, Alonso ən çox ötmə etməsi ilə (həmin yarışda Şumaxerə dərsliklərə salınmalı olan hücum edərək, geridə qoymuşdu), Rəykkönen isə 17-ci yerdən başlayıb, yarışı qazanması ilə yadda qaldı.
Əslində finlandiyalı sürücü startdan sonra bir neçə pillə yüksəlsə də, uzun müddət Şumaxerin arxasında ilişib qaldı, lakin “buz adam” ləqəbli sürücü əsas düzlükdə 7 qat Dünya Çempionunu geridə qoyaraq, Censon Batton və Mark Uebberi qovmağa başladı. Ancaq son pit-stoplardan sonra Rəykkönen rəqibləri Batton və Uebberi geridə qoyaraq, ikinci yerə yüksəldi. Bundan sonra Rai lider Fizikella ilə hər dövrə 1 saniyə fərq bağlamağa başladı və nəhayət sonuncu dövrədə liderliyi italiyalı sürücüdən alaraq yarışda qalib gəldi.
- 2006-cı il Macarıstan Qran Prisi – Censon Batton
Macarıstan Qran Prisi Formula1 təqviminə 1986-cı ildə girsə də, fanlar ilk dəfə burada yağışlı yarışın şahidi olurdular.
Lakin yarışın əsas favoritləri Alonso və Şumaxerin sıralanma turundakı nəticələrinə 2 saniyə əlavə olundu. Censon Batton isə yarışdan əvvəl yeni mühərriyə keçdiyi üçün startda 10 yer itirməli oldu. Beləliklə, Şumaxer yarışa 11-ci, Batton 14-cü, Alonso isə 15-ci yerdən başlayacaqdı.
Alonso və Batton mükəmməl start alaraq və yarış ərzində rəqiblərini keçərək, 1 və 2-ci yerlərə yüksəkdilər. İspaniyalı sürücü Macarıstan yarışında başqa liqada çıxış edirdi. Belə ki, həmin dövrün sonuncu Dünya Çempionu ən yaxın rəqibi ilə 40 saniyəyə qədər fərq açmışdı. Lakin, Kimi Rəykkönen dövrəvi Vitantonio Luitsini keçərkən qəza etdi və trasa təhlükəsizlik avtomobili çıxdı. Elə nə oldusa, bundan sonra oldu. Alonso pitə girib çıxdıqdan sonra sağ arxa təkəri yaxşı bərkidilmədiyi üçün mübarizəni vaxtından əvvəl dayandırmalı oldu. Şumaxer isə podiuma yüksəlmək üçün riskə gedərək, yağış təkərləri ilə trasda qaldı. Təkərlər quru trası tutmadığı üçün əfsanəvi sürücü tez-tez səhvlər edirdi. Sonda bolid porebrikə sərt çıxdıqdan sonra asılqan qırıldı və almaniyalı sürücü də mübarizəni vaxtından əvvəl dayandırmalı oldu.
Beləliklə, Censon Batton karyerasının 7-ci mövsümündə və 113-cü Qran Prisində ilk qələbəsini qazandı.
- 2011-ci il Kanada Qran Prisi – Censon Batton
Bəlkə də son illərin ən çox yaddaqalan yarışından danışacağıq. Bu yarış düz 4 saat 4 dəqiqə davam etmişdi. Yarış ərzində Censon Batton həm Həmilton, həm də Alonso ilə təmas etsə də, 6 dəfə pitə girib çıxsa da və bir ara sonuncu yerə qədər geriləsə də, son dövrədə Sebastyan Fetteli geridə qoyaraq, inanılmaz qələbəyə imza atmış oldu.
- 2012-ci il Avropa Qran Prisi – Fernando Alonso
Fernando Alonso bu yarışa gözlənilməz bir yerdən – 11-ci yerdən başlayırdı. İspaniyalı sürücünün əsas məqsədi yarışı podiumda bitirmək idi. Amma Fernando yaxşı start alaraq, 8-ci pilləyə qədər yüksələ bildi. İlk pit-stoplardan sonra isə 4-cü yerə qədər yüksəlmişdi.
Çox adam yarışın son dövrələrində 3-cü yerdəki Həmilton ilə Alonso arasında podium mübarizəsi gözləsə də, arxa sıralarda Jan Erik Vern ilə Heykki Kovalaynenin toqquşması nəticəsində trasa təhlükəsizlik maşını daxil oldu. Bu vaxtı bütün sürücülər pitə axın etdi və Həmiltonun pitdə gecikməsindən maksimum istifadə edən Alonso rahatlıqla 3-cü pilləyə yüksəldi. İspaniyalı sürücü restartda doğma publikası önündə Qrojanı keçərək ikinci pilləyə yüksəldi. Artıq hər kəs yarışın qalibinin Fettelin olacağını düşündüyü vaxtda isə almaniyalı sürücünün generator problemi yarandı və dövrün sonuncu Dünya Çempionu uzun müddət lider apardığı və bir ara 20 saniyə fərq açdığı yarışı vaxtından əvvəl dayandırmalı oldu. Alonso isə Avropa Qran Prisi adı altında təşkil edilən sonuncu Valensiya yarışında ilk qələbəsini əldə etdi.
Yarışın digər geridönüşünü isə 12-ci yerdən başlayıb 3-cü olan əfsanəvi Mixael Şumaxer etmişdi. Bu, həm də yeddiqat Dünya Çempionunun karyerasındakı son podium idi.
- 2017-ci il Azərbaycan Qran Prisi – Daniel Rikkardo
Formula1 tarixinin ilk Azərbaycan Qran Prisi çoxlu hadisələrə görə xatırlanacaq. Bu hadisələr barədə artıq yazmışıq. İndi isə keçək Daniel Rikkardonun geridönüşünə.
Rikkardo şənbə günü sıralanma turunda qəza edərək, yarışa 10-cu yerdən start almalı olmuşdu. Artıq çox adam düşünürdü ki, dar yolları ilə seçilən Bakı Şəhər Halqasında Rikkardonun 3 yarışlıq podium seriyası sona çatacaq. Hətta yarışın əvvəlində Rikkardo pitə gələrək, 17-ci pilləyə qədər geriləmişdi. Lakin avstraliyalı sürücü yüksək əzmkarlıq göstərərək, geridən bütün rəqiblərini keçərək, 10-cu pilləyə qədər yüksəldi.
Daha sonra isə Okon və Peresin insidenti nəticəsində iki sürücünün geriyə düşməsi və Rəykkönenin təkər problemi yaşaması ilə gülərüz Rikkardo 6-cı pilləyə qədər qalxa bildi. Lakin, növbəti restartdan sonra Daniel uzun illər unudulmayacaq bir manevr ilə Hülkenberq, Massa və Strollu keçərək 3-cü pilləyə qədər yüksəldi. Növbəti dövrələrdə isə lider Həmiltonun boyunluq, ikinci Fettelin 10 saniyə dayan və get cəzası almasından maksimum istifadə edən avstraliyalı sürücü liderliyi ələ keçirərək, Formula1 tarixinin ilk Azərbaycan Qran Prisində qalib gəldi.
- 2018-ci il Almaniya Qran Prisi – Lyuis Həmilton
Bu yarış çoxlarınızın yadına gələr. Lyuis Həmilton sıralanma turunda problem yaşayaraq, 14-cü yeri tutdu. Britaniyalı sürücünü çox çətin və ağır yarış gözləyirdi. Lakin dördqat Dünya Çempionu yarışda düzgün strategiya seçərək 4-cü yerə qədər yüksəldi. Daha sonra isə yarışın lideri Fettelin divara çırpılması, Bottasın pitdə gecikməsi və Rəykkönenin səhv strategiyası qaradərili sürücünü yarışın lideri etdi.
Həmilton yarışın son dövrələrində Bottasın təzyiqlərinə məruz qalsa da, komanda əmri ilə yerini qoruyan Həmilton yarışı qazanaraq, növbəti tituluna bir az da yaxınlaşmış oldu.
Şərh əlavə et