Xəbəri Kokpitdə Oxuyun!

Ferstappen başqa komandada çətinlik çəkər

Sabiq Formula 1 sürücüsü Jak Vilnöv düşünür ki, Maks Ferstappen başqa komandaya getsə, özünü yaxşı hiss etməz.

Kokpit.az xatırladır ki, Lyuis Həmilton Ferrari komandasına transfer olunduqdan sonra Maks Ferstappenin Mercedes-də yeddiqat Dünya Çempionunu əvəz edəcəyi ilə bağlı şayiələr artıb.

Lakin 1997-ci ilin Dünya Çempionu Jak Vilnöv düşünür ki, Maks Ferstappen başqa komandaya keçsə, indiki kimi kefi kök olmayacaq: “Komanda dəyişmək istəsə, getdiyi yerdə ənənə şoku yaşayacaq. Hər şey Maks Ferstappenin seçimlərindən asılıdır.

McLaren-də boş yer yoxdur. Bəs Mercedes komandasında ona yaxşı davranacaqlar? Özü də orada kimi əvəz edəcək? Corc Rassellin yoxsa Kimi Antonellinin?

Həm Rassell, həm də Antonelli Mercedes-in yetirmələridir və komanda onlara böyük sərmayə qoyub. Məncə, Mercedes Ferstappeni Red Bull-dan uzaqlaşdırmaq üçün istəyir.

Hazırda Maks üçün əlverişli komanda yoxdur, ammq uzun müddətdə nələrin baş verəcəyini görəcəyik.

Bütün karyerası ərzində Red Bull-un qanadları altında olub və belə rahat atmosferi başqa komandada tapmaq onun üçün çətin olacaq”.

Qeyd edək ki, Maks Ferstappenin Mercedes-ə keçəcəyi ilə bağlı şayiələr artıq azalıb.

Rauf Hacıyev

Şərh əlavə et