Kokpit.az xatırladır ki, meksikalı sürücü Red Bull komandasına gəldikdən sonra ən pis mövsümünü keçirir. O, 2021-ci ildə Sürücülər Çempionatında 4-cü, 2022-ci ildə 3-cü, 2023-cü ildə isə 2-ci yeri tutmuşdu.
Lakin bu mövsüm Çeko üçün heç də ürəkaçan deyil. Belə ki, o, son podiumunu mövsümün dördüncü yarışı Çində qazanıb. Ondan sonra isə komanda yoldaşı Maks Ferstappenin tempinə cavab verə bilməyib.
Serxio Peres hazırda turnir cədvəlində 7-ci yerdədir və bir ara onun Red Bull komandasından qovulacağı ilə bağlı şayiələr gəzirdi. Lakin komanda sonda onu saxlamağa qərar verib.
Conni Herbert: “Serxio Peres Belçikada da çox pis performans göstərdi. Ön sıralardan başladığı yarışda səkkizinci yeri tutdu. Bu isə güclü komandaların sürücülərindən gözlədiyi performans deyil.
Bunu dediyim üçün məyusam, amma Serxio psixoloji cəhətdən çökübdür.
Son illərdə performansı stabil olmadığı üçün müqaviləsində bir performans maddəsi var.
Red Bull Serxio Peresi göndərməli, yerinə Yuki Tsunodanı gətirməlidir. Daniel Rikkardo da hazırda yetərlo qədər yaxşı deyil. Yuki daha yaxşı performans göstərir.
Maks da hazırda böyük təzyiq altındadır. Red Bull-un əvvəlki hegemonluğu bitib və artıq elə şey olmayacaq. Bundan sonra hər şey ondan asılıdır.
Red Bull komandası çoxlu xallar qazanmaq istəyirsə, çox yaxşı iki sürücüsü olmalıdır. Belə hallarda komanda bir şeyləri dəyişdirməlidir, amma çox seçimləri yoxdur”.
Şərh əlavə et