Kokpit.az xatırladır ki, Britaniya komandası mövsümün ilk yarısında iki qələbə qazanıb və əksər yarışlarda podiuma yüksəlib. Onlar lider Red Bull komandasından sadəcə 42 xal geridə qalırlar və çempionluq üçün hazırda real namizəd sayılırlar.
Aerodinamika reqlamentinə görə əvvəlki ilin çempionu hamıdan az aerodinamik boruda işləyə bilər. Daha aşağı yer tutanlar isə aerodinamik boruda daha çox vaxt keçirmək haqqına sahib olurlar.
McLaren komandası keçən il Mühəndislər Kubokunda 4-cü olmuşdu. Buna görə də onlar çempionluğa oynayan 4 komanda arasında aerodinamik boruda daha çox vaxt keçirmək haqqına sahibdirlər. Bu hal mövsümün ikinci yarısında “narıncılar”a kömək edə bilər.
Andrea Stella isə bu barədə belə danışıb: “Aerodinamika reqlamentindən əmin deyiləm. Red Bull komandasının gətirdikləri yeniliklərə baxsaq, tras üzərində bizdən çox inkişaf ediblər.
Amma mən McLaren barədə danışa bilərəm. Belə görünür ki, yığdığımız bu inkişaf planından istifadə etməyin tam vaxtıdır və düşünürəm ki, mövsümün ikinci yarısında yeniliklər gətirəcəyik”.
McLaren komandası bu il ən böyük yeniliyini Mayami Qran Prisinə gətirmiş və həmin həftəsonunda Lando Norris yarışı qazanmışdı. Ondan sonra komanda MCL38-ə elə də böyük yenilik paketi gətirməyib.
Lakin Andrea Stella düşünür ki, onlar mövsümün qalan yarışlarına çoxlu yeniliklər gətirəcəklər: “Mayamidən sonra çox yenilik gətirməsək də, yenə də rəqabatədavamlıyıq və buna görə də təəəccüblüyəm. Bu da onu göstərir ki, Mayami yenilikləri bizi inkişafda qabağa saldı. Amma mövsümün ikinci yarısında başqa yeniliklər də gətirəcəyik”.
Şərh əlavə et