Xəbəri Kokpitdə Oxuyun!

Red bull RB20-nin problemlərini düzəltməyə çalışır

İtaliya mətbuatının verdiyi xəbərə görə Maks Ferstappen Red Bull-un 2022-ci il bolidi RB18 ilə İmolada test edib.

Red Bull Racing  ardıcıl üçüncü mövsümdür ki, yay fasiləsinə hər iki çempionatda lider kimi daxil olur.

Maks Ferstappen ardıcıl dördüncü Sürücülər Çempionatını qazanmağa hazırlaşır. Bununla belə Mühəndislər Kuboku bir az təhlükə altında görünür.

Red Bull komandası mövsümün əvvəlində rəqiblərinə qarşı böyük üstünlüyə sahib idi və Ferrari onlara ən yaxın rəqib kimi görünürdü.

Lakin Ferrari sonradan inkişafda geridə qaldığından McLaren-lə Mercedes “qırmızılar”ı qabaqlayıblar və  Monakodan sonra hər yarışda zirvəyə yaxınlaşmağa başlayıblar.

Bundan sonra əksəriyyət düşünür ki, Red Bull harada səhv edib. Komandanın rəhbəri Kristian Horner bildirib ki, digər komandaların onlara yaxınlaşacağını gözləyirmiş, lakin bunun bu səviyyədə olacağını gözləmədiyini də  əlavə edib. Hazırda McLaren peletonda ən sürətli avtomobilə sahibdir. Digər tərəfdən isə yay fasiləsinə qədər dörd yarışdan üçündə Mercedes qalib gəlib.

İtaliyanın Formu1a.uno xəbər agentliyi Red Bull-un bu problemləri həll etməyə çalışdığını və nə qədər inkişaf etdiyi barədə daha çox məlumat paylaşıb.

Maks Ferstappen Red Bull-dan mükəmməllik tələb edir və komandanın əhəmiyyətli addımlar atmasına kömək etmək üçün pərdə arxasında işləyir. Niderlandlı sürücü İmolada Red Bull-un 2022-ci il avtomobili RB18-dən istifadə edərək, qapalı qapılar arxasında keçirilən testdə iştirak edib və nəticələri builki avtomobillə müqayisə edib.

Red Bull bu mövsüm yeniliklərin işləməməsinin səbəblərini müəyyənləşdirməyə çalışsa da, Ferstappen yarışlarda qalib gəlmək üçün əllərindən gələni edir. Bu, hal Serxio Peresi çətin vəziyyətə salıb, çünki o, RB20-də komanda yoldaşı qədər performans çıxara bilmir.

Formu1a.uno-nun xəbərində Ferstappenin RB18 ilə Imolada iştirak etdiyi xüsusi test təsvir edilir. Komanda 2022-ci ildə çempionluq qazanan avtomobili ilə builki avtomobil arasında “əsl fərqləri anlamaq” istəyir. Komanda son üç mövsümdə ilk dəfə hər iki çempionluğu qazana bilməmək təhlükəsi ilə qarşı-qarşıyadır. Red Bull komandası korrelyasiyanı yaxşılaşdırmaq üçün bəzi işlər görür.

RB20 kerblərə hücum etməkdə çətinlik çəkdiyi üçün bəzi traslarda Mercedes və McLaren-dən zəif performans göstərir. Red Bull bu vəziyyəti həll etməli olduğunu bilir.

Ferstappenin şəxsi testi Red Bull-u bu barədə daha çox məlumatlandırıb və Ferrari hələ də İspaniyada təqdim edilən yeniliklər paketini anlamağa çalışsa da, Mercedes və McLaren-in inkişafı Red Bull-un bazasında həyəcan təbilləri çalıb.

Lando Norris və ya başqa bir sürücü Sürücülər Çempionatının zirvəsində Ferstappeni keçmək üçün son 10 yarışda böyük xallar qazanmalıdır.

Bundan başqa Niderland  Qran Prisində McLaren ilk iki yeri tutsa, Red Bull komandasının sürücüləri yarışı tamamlaya bilməsələr, McLaren Mühəndislər Kubokunda liderliyə yüksələcək.

Yay fasiləsində Peresin Red Bull-dan göndəərilə biləcəyi barədə şayiələr yayılmışdı, lakin bu hələlik təxirə salınıb. Lakin bu o demək deyil ki, meksikalı sürücü yerini tam təmin edib və Peresin vəziyyətinə dörd yarışdan sonra yenidən baxıla bilər. Əgər Red Bull komandası Mehəndislər Kubokunda  liderliyini itirsə, 34 yaşlı pilotun qovulması heç kim üçün surpriz olmaz.

Formula 1 jurnalisti Vill Bakston Perezin gələcəyi ilə bağlı cəsarətli proqnozlar verib və onun mövsümün son üç yarışında başqası ilə əvəz oluna biləcəyini söyləyib.

 

Rauf Hacıyev

Şərh əlavə et