Kokpit.az bildirir ki, Formula 1 tarixinin ən vacib traslarından olan Montsa növbəti dəfə gələcəyi üçün mübarizə aparır və buna görə də trasda yenidənqurma işləri aparılıb.
Yanvar ayından bəri trasın bazası və azarkeşlərin şəraitlərini yaxşılaşdırmaq üçün böyük işlər görülüb. Lakin trasın özündə də yeniliklər var.
İtaliya Qran Prisinə artıq 3 həftə vaxt qalıb və ilk yeniliklər artıq üzə çıxmağa başlayıb. Bu yeniliklərdən biri isə gözlənilənlərdən böyükdür.
Qaçış zonalarında və kerblərdə böyük dəyişikliklər var. İlk şəkillərdən belə görünür ki, Ascari hissəsində böyük dəyişikliklər olub.
Bu hissədə kerblər daha alçaq olacaq və trasın sürəti artacaq. Əvvəlki kerblərdə o döngəyə səhv girəndə insident yaşamaq riski daha böyük idi.
Lakin əksər hissələrdə artıq çəmən və ya asfaltlı qaçış zonaları yox, köhnə nəsil çınqıllı qaçış zonaları var.
Növbəti dəyişiklik isə Prima Valiantedə- pit düzlüyündən sonrakı ilk döngədədir. Döngənin quruluşuna əl vurmasalar da, genişliyi artırılıb. Bu da o deməkdir ki, artıq bu döngədə daha çox təkər-təkərə mübarizə izləyəcəyik.
Çox vaxt sürücülər ilk döngədə yan-yana olanda təmas yaşanırdı, çünki ora çox dar idi.
Trasdakı digər dəyişiklik isə bütün asfalt qatının yenilənməsi ilə bağlıdır. Bu da komandalar və sürücülərə əlavə müəmmalar gətirəcək.
Qeyd edək ki, bu il İtaliya yarışı sentyabrın 1-də keçiriləcək.
Şərh əlavə et