Xəbəri Kokpitdə Oxuyun!

Bottasın hələ də ümidi var

Sauber komandasının sürücüsü Valtteri Bottas bildirib ki, Mattia Binottonun Sauber-ə komanda rəhbəri gəlməsi ilə yenidən orada qalmaq şansı artıb.

Kokpit.az xatırladır ki, Sauber komandası Oliver Hoffman və Andreas Zaydl ilə yolları ayırıb və Audinin Formula 1 layihəsinin başına uzun illər Ferrari-də mühəndis və rəhbər işləmiş Mattia Binotto gətirilib. İtalyan mütəxəssis Audi-də həm komandaya, həm də texniki quruluşa nəzarət edəcək.

2022-ci ildən bəri Sauber komandasında yarışan Valtteri Bottas bu barədə belə danışıb: “Hər şey çox sürətli formada baş verdi. Ancaq biz burada sürücü olsaq da, pərdə arxasında nə baş verdiyini bilmirik”.

Sauber növbəti mövsüm üçün Audi ilə çoxillik müqavilə bağlayıb. Lakin komandanın ikinci sürücüsün kim olacağı hələ də məlum deyil. Namizədlər arasında Aleks Palu, Mik Şumaxer, Robert Şvartsman və Qabriel Bortoleto var. Lakin daha əvvəl 10 yarış qazanmış Valtteri Bottas ümid edir ki, Sauber ona da şans verəcək.

Finlandiyalı sürücü bu barədə belə açıqlama verib: “Mattia Binottonun gəlişi mənim üçün yeni şans ola bilər. Yeni rəhbərlik gələndə komandaya öyrəşməsi üçün vaxt lazım olur.

Mattia komandanın zəif və güclü yönlərini, qısa və uzun müddətdə yeniliklər üçün ilk seçimlərin nələr olduğunu bilməlidir. Bunun üçün də vaxt lazımdır. Üç il ərzində üçüncü dəfədir ki, rəhbərlikdə dəyişiklik olur. Yəni ki, bizim üçün yeni hal deyil. Komanda bu vəziyyətdən çox təsirlənmədi. Məncə, bu addım gələcək planlar üçün atıldı və nələr baş verəcəyini əlbəttə ki, zamanla biləcəyik”.

Rauf Hacıyev

Şərh əlavə et