Kokpit.az xatırladır ki, mövsümün bitməsinə 10 yarış qalıb və McLaren komandası hazırda lider Red Bull-dan 42 xal geridə qalır. Lakin Britaniya komandası son yarışlarda iki sürücü ilə də xal alır. Amma Red Bull komandasında əsasən Maks Ferstappen xalları toplayır. Serxio Peres isə Çin yarışından sonra podium üzünə həsrət qalıb. Buna görə də McLaren komandasının Mühəndislər Kubokunu götürmək şansı çoxdur.
“Narıncılar”ın gənc sürücüsü Oskar Piastri də bu fikirdədir: “Komandanın əsas hədəfi Mühəndislər Kubokunu qazanmaqdır və bunu əldə etmək üçün çox yaxşı şansımızın olduğunu düşünürəm. Son 6-7 yarışda Red Bull ilə aramızdakı fərqi çox azaltdıq. Əlbəttə, Sürücülər Çempionatında da mümkün qədər yüksək yer tutmaq istəyirəm. Özümü çempionluq uğrunda mübarizədən kənarda görmürəm, amma bunu qazanmaq doğrudan da çox çətindir.
Güclü performans göstərmək və stabil olaraq ön tərəfdə mübarizə aparmaq istəyirəm, çünki belə olan halda Mühəndislər Kubokunu qazana bilərik.
Əgər mövsümün sonlarında Lando çempionluq uğrunda mübarizə aparsa və mənim köməyimə ehtiyacı olsa, onda bunu müzakirə edə bilərik. Ancaq dediyim kimi əsas hədəfimiz Mühəndislər Kubokudur və bunun üçün əlimdən gələnin ən yaxşısını etməyə çalışacağam”.
Şərh əlavə et