Xəbəri Kokpitdə Oxuyun!

C.Herbertdən Alonsoya bəy tərifi

Sabiq Formula 1 sürücüsü Coni Herbert bildirib ki, Fernando Alonso yaşına baxmayaraq Dünya Çempionu titulunu qazana bilər.

Kokpit.az xatırladır ki, ispaniyalı sürücünün artıq 43 yaşı olsa da, hələ də ən sürətli sürücülərdən biri sayılır. Fernando Alonsonun formadan nə vaxt düşəcəyi hamıya maraqlıdır, amma veteran sürücü ən az iki il də Formula 1-də yarışacaq və bəlkə də çempionluq uğrunda mübarizə aparacaq.

Coni Herbert: “Fernando o qədər istedadlı sürücüdür ki, 40 yaşını keçsə belə çempionluq uğrunda mübarizə apara bilər. Bəs Aston Martin ona istədiyi maşını verə biləcək? Məncə, əsas sual budur.

Bu komanda 2023-cü il mövsümündə ardıcıl podiumlar qazandı və Alonso çox xoşbəxt idi, amma indi işlər bir az qarışıqdır. Alonso yarışları çox vaxt 8-ci yerdən yuxarıda bitirmir və bu da onun arzuladığı şey deyil. Lakin komanda maşını elə təkmilləşdirə bilər ki, yenidən ön sıralara qayıdar. Bunu McLaren və Mercedes-in timsalında onsuz da görmüşük.

Hazırda Lyuis Həmilton, Corc Rassell, Maks Ferstapprn, Oskar Piastri və Lando Norrisin nəticələrini görəndə əsəbləşdiyini düşünürəm. Qələbə qazanmaq istəsə də, maşını buna imkan vermir və bu da onu məyus edir.

Əslində Aston Martin əlindən gələni edir. Sürətli maşın düzəltmək üçün komandaya mükəmməl mühəndislər gətirir, amma heyif ki, belə işlər üçün vaxt lazımdır”.

Rauf Hacıyev

Şərh əlavə et