Kokpit.az xatırladır ki, Aston Martin mövsümün ilk yarısında göstərdiyi performansla hamını məyus edib. “Yaşıllar” demək olar ki, əksər yarışlarda dörd böyük komandafan çox geridə qalıblar. Onların ən yaxşı nəticələri Səudiyyə Ərəbistanındakı 5-cilik olub.
Aston Martin-in Yaponiyaya gətirdiyi yeniliklər işə yaramamışdı. Lakin Macarıstandakı yeni paket onları ümidləndirib.
Aston Martin komandasının rəhbəri Mayk Krak isə bildirib ki, onlar hazırda doğru yoldadırlar və yeniliklər gətirməyə davam edəcəklər: “Macarıstana gətirdiyimiz yeniliklər yaxşı işlədilər. Bu yeniliklər təkcə maşını mövsümün qalan yarışlarında sürətli etməyəcək, eyni zamanda platformamızı anlamağa və necə inkişaf etdirəcəyimizə kömək edəcək.
Əgər yeniliklər yaxşı işləməsəydi, bu o demək idi ki, biz maşınımızı yaxşı anlamamışıq. Mühəndislik cəhətdən işığı gördüm. Performansı inkişaf etdirmək cəhətdən isə komandaya tamamilə güvənirəm. Mən əksər hallarda belə iddialı açıqlamalar vermirəm, amma nəyə qadir olduğumuzu bilirik”.
Mayk Krak bundan əvvəl gətirdikləri yeniliklərin nəyə görə işləmədiyini izah edib: “Trendlər doğru idi, amma bəzi sahələrdə gözlədiyimiz qədər performans artışı olmadı və digər sahələrdə də itkilər gözlədiyimizdən az oldu. Yekunda yeniliklər gözlədiyimizdən az təsir göstərdi. Amma Macarıstana gətirdiyimiz yeniliklər əla işlədilər və düz yolda olduğumuzu deyə bilərəm”.
Mayk Krak sonda sürücüləri Fernando Alonso və Ləns Strollun performansından razıdır: “Ləns və Fernando bu mövsüm çətin bir maşını idarə edərək əla iş gördülər. İkisi də dünya səviyyəsində sürücülərdir və onlara yaxşı maşın verməliyik. Bunun üçün çalışırıq, çünki biz də dünya səviyyəsində olan bir komandayıq”.
Mayk Krak gələn mövsümün planları barədə də danışıb: “Mövsümün ikinci yarısında AMR24 üçün planlaşdırılmış başqa yeniliklər var. 2025-ci il maşını üzərində işləməyə başlamamışdan əvvəl bu yenilikləri tamamlamalıyıq. 2024-cü ildən imtina etmirik, ancaq 2025-ci ilə fokuslanacağıq.
Bu ilin maşını üzərində gördüyümüz işlər növbəti mövsüm üçün bizə yön verəcək. Öyrəndiyimiz hər şeyi 2025-ci ilə daşıyacağıq”.
Qeyd edək ki, Aston Martin hazırda turnir cədvəlində 5-ci yerdədir və 4-cü yerdəki Mercedes-dən 193 xal geridə qalır.
Şərh əlavə et